Avtomobillərin səkiyə çıxması nəticəsində üç nəfər xəstəxanalıq olub

00:40 01-11-2019 339

Sabunçu və Suraxanı rayonlarında avtomobilin idarəetməni itirərək səkiyə çıxması ilə nəticələnən iki yol qəzası qeydə alınıb. 

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər yaralanıb. Hadisə Pirşağı qəsəbəsində baş verib.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan 1998-ci il təvəllüdlü Vəliyev Maqsud Murad oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılıb.

Qəza zamanı sürücü M.Vəliyev və avtomobildə olan sərnişin, 25 yaşlı Məmmədova Fərqanə Mais qızı xəsarət alıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. M.Vəliyevə döş qəfəsinin əziyi, F.Məmmədovaya isə sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Daha bir oxşar qəza isə Suraxanı rayonunda baş verib. Hadisə Yeni Suraxanı qəsəbəsindəki yerüstü keçidin yaxınlığında qeydə alınıb.

1985-ci il təvəllüdlü Hüseynov Elsevər Mehman oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı səkiyə və dayanacağa dəyib. 

Qəza zamanı sürücü E.Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu