Şri-Lankada fil yorğunluqdan ölüb - FOTO

07:00 02-11-2019 360

Şri-Lankada bütün həyatı boyu turistləri istidə qandallarda gəzdirən fil yorğunluqdan ölüb.

“The Daily Mail”in məlumatına əsasən, fil elə “iş başında” keçinib. Belə ki, o, üç qrup turisti daşıdıqdan sonra yorğunluqdan yerə yıxılıb və ölüb.

Sahibi fili yıxıldıqdan sonra da ucu iti qarmaqlı metal çubuqla döyməyə başlayıb, lakin fil artıq reaksiya verməyib.

Heyvanın ölümü haqqında xəbəri yerli KİV, sonra isə digər ölkələrdən olan xəbər agentlikləri, eləcə də heyvan müdafiəçiləri yayıb. Filin ölümü faktı ilə əlaqədar istintaq başlayıb.

Məlum olub ki, Kanakota adlı filin 18 yaşı olub. Ölümündən bir neçə gün əvvəl o, fillərin paradında iştirak edib, burada o, digər heyvanlar kimi, belində ağır yüklə küçələrdə gəzməli olub. Paraddan sonra fillər işə - turistlərin daşınmasına qaytarılıb.