Nazirlik toyda üç nəfərin bıçaqlanması ilə bağlı məlumat yaydı

13:20 02-11-2019 338

Daxili İşlər Nazirliyi (DİN) gecə Binə qəsəbəsindəki şadlıq saraylarından birində baş verən bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin məlumatına görə, noyabrın 1-də saat 22 radələrində üç nəfərin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Binə qəsəbəsi ərazisində yerləşən şadlıq sarayında baş vermiş münaqişə zəminində Ceyhun adlı şəxsin onlara bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Ordubad rayon sakini C.Məmmədov qısa müddətdə müəyyən edilərək 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.