Mask həftə ərzində 2 milyard dollarlıq varlandı

04:20 03-11-2019 391

“SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi İlon Maskın sərvəti bir həftə ərzində 2 milyard dollar artaraq 22,9 milyard dollara çatıb.

“Forbes”in hesablamalarına görə, bu, “Tesla” 2019-cu ilin üçüncü rübündə mənfəət haqqında hesabatını təqdim etdikdən sonra baş verib.

Elektromobil istehsalçısı olan şirkət oktyabrın 23-də bazar bağlandıqdan sonra hər səhm üçün 1,86 dollar qazandığını elan edib. Halbuki analitiklər şirkətin hər səhmə görə 42 sent məbləğində zərər çəkəcəyini gözləyirdilər.

“Tesla”nın korreksiya olunmuş mənfəəti 342 milyon dollar təşkil edib. Şirkətin gəlirləri 6,35 milyard dollar təşkil edib ki, bu da ötən ilin üçüncü rübü üçün olan göstəricidən 8% aşağıdır.

Hesabatdan sonrakı həftə ərzində şirkətin səhmləri təxminən 24% artıb və beləliklə də, “Tesla”nın səhmlərinin 22%-nə malik olan Maskın sərvəti artıb.