Miri Yusif “Crystal Hall”da konsert verecək - FOTO

14:00 04-11-2019 450

Xalq artisti Miri Yusif daha bir solo konsertə hazırlaşır.

HerGun.Az xəbər verir ki, sənətçi konsertinin tarixini şəxsi “Instagram” hesabında elan edib:

“Konsert 2020-ci il mayın 24-də baş tutacaq. İndi isə diqqət… Həmin solo konsert ölkənin ən böyük və nüfuzlu səhnəsində “Baku Crystal Hall”da keçəcək”.

Konsertdə Miri Yusifin son on ildəki ən sevilən, ən bəyənilən, dillər əzbəri olan mahnıları səslənəcək. Və bütün bu mahnılar tam yeni, özəl və parlaq xüsusi effektlər, gözəl dekorasiyalar, möhtəşəm installyasiyalar, ən əsası, müğənninin inanılmaz energetikası ilə müşayiət olunacaq.

Xatırladaq ki, Miri Yusif şou-biznes aləminə 2010-cu ildə solo ifaçı kimi qayıtmışdı. Sənətçinin mahnıları kimi, qayıdışı da qeyri-adi idi. Çünki o bu dəfə səhnələrin “əsas girişi” hesab edilən televiziya və radiodan deyil, “gizli qapı” sayılan “YouTube” və sosial şəbəkələrdən istifadə etmişdi. Bu qayıdış sübut etdi ki, televiziya və radioya vurğu etmədən də ulduza çevrilmək mümkündür.

Qeyd edək ki, Xalq artisti Miri Yusifin konsertinə biletləri şəhərimizin kassalarından əldə edə bilərsiniz.

Rəşad Əliyev