ABŞ-da Ku-kluks-klan üzvü sinaqoqu partlatmaq istədi

07:40 06-11-2019 423

ABŞ-ın Kolorado ştatının Pueblo şəhərindəki sinaqoqda terror aktı törətmək istəyən Ku-kluks-klanın üzvü saxlanılıb.

Bu barədə “New York Times” qəzeti Denverdə federal məhkəməyə daxil olan sənədlərə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, 27 yaşlı Riçard Holzer gizli fəaliyyət göstərən Federal Təhqiqat Bürosunun (FTB) agentlərinə planlaşdırdığını açıqladıqdan sonra saxlanılıb.

Cari ilin oktyabr ayında məhkəməyə təqdim olunan sənədlərə əsasən, Riçard Holzer FTB agentlərinə sinaqoqa gələn insanları zəhərləməyi planlaşdırdığını, molotov kokteyli və partlayıcı qurğuların düzəldilməsini danışıb. O, daha əvvəl Ku-kluks-klanın üzvü olduğunu da etiraf edib.

Günahı sübuta yetiriləcəyi təqdirdə, onu 20 ilədək həbs cəzası gözləyir.