“Altın Kelebek”in namizədi Oksana Rəsulova: Kişi müğənnilərə qarşı bunu etmək düzgün deyil

21:20 08-11-2019 30

Gələn həftənin şənbə günü (16 noyabr) “Altın Kelebek” mükafatlandırma gecəsi ilə bağlı Bakıda təşkil olunacaq mərasimə sayılı günlər qalır.

Ötən illərdən fərqli olaraq, bu il ulduzlarımız (Xalq artist Röya Ayxan, müğənnilər Sevda Yəhyayeva, Nura Suri, Gülay Zeynalova, Murad Arif, Xəyyam Nisanov, Elçin Cəfərov, Azad Şabanov, aktrisalar Pərvin Abıyeva və Oksana Rəsulova) yalnız bir kateqoriya - “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə mübarizə aparacaq. Bizim məşhurlar arasında səsvermə hələ də davam edir.

Dekabırın 8-də İstanbulun Zorlu PSM-də keçiriləcək “Altın Kelebek”də həm Türkiyədən həm də Azərbaycandan olan namizədlərə maraq həddən artıq yüksəkdir. Türkiyənin “Oskar”ını yerli məşhurlarımızdan kimin qazanacağı sosial media əhli tərəfindən geniş müzakirə olunur.

HerGun.Az-ın əməkdaşı azərbaycanlı namizəd hind rəqslərinin mahir ifaçısı, rəqqasə və aktrisa Oksana Rəsulova ilə əlaqə yaradıb. Məşhur Azərbaycanla bağlı bir nominasiyanın olmasından narahatlıq keçirdiyini və bunda məntiq olmadığını dilə gətirdi :

“Artıq üçüncü ildir ki, Azərbaycan Türkiyənin keçirdiyi bu cür mötəbər “Altın Kelebek” mükafatlandırma mərasimində iştirak edir. Azərbaycanın hər bir ulduzu istəyər ki, “Altın Kelebek” kimi prestijli gecədə həm çıxış etsin, həm də qalib gəlsin. Xalq artistləri Röya Ayxan və Aygün Kazımova artıq bu mükafata sahibləniblər. Mən də istəyərəm ki, namizədlər arasında qalib gəlib, “Altın Kelebek” mükafatına layiq görülüm. Şanslarım az deyil. Amma etiraf etmək lazımdır ki, Röyanın şansları bizim digər ulduzlarımız arasında daha çoxdur. O, həm mahnıları, həm klipləri, həm də konsertləri ilə Türkiyədə yetərincə tanınır. Sadəcə bir məqama çox üzülürəm ki, Azərbaycan üçün nominasiya yalnız bir dənədir. O da ki, “Azərbaycanın ən parlaq ulduzu”. Çünki müğənnilər arasında aktrisalar yəni mən və Pərvin Abıyeva var. Müğənnilər üçün ayrı, aktrisalar üçün ayrı nominasiyalar olsaydı, daha məqsədəuyğun olardı. Belə olduğu təqdirdə məntiq görmürəm və məni bu hadisə narahat edir.

“Altın Kelebek”i qazanmağı mən şansa bağlayıram. Çünki sənə izləyicilər səs göndərə də bilər, göndərməyədə. Burada hər şey səsvermədən asılıdır”.

Müğənni Elçin Cəfərovun “xanım sənətçilərə təyyarə biletləri alınıb, bəylərə isə yox” açıqlaması təşkilati işlərə kölgə salıb.

“Sizin İstanbula təyyarə biletiniz, orada qalacağınız hotel nömrəsi rezervasiya olunub?” sualına Oksananın reaksiyası birmənalı olmadı.

“Mən heç bu barədə düşünməmişəm belə. Əslində bizim hər birimiz üçün həm təyyarə bileti alınmalı, həm də hotellərin birində qalmağımız üçün rezervasiya işləri görülməlidir. Kişi müğənnilərə qarşı bunu etmək düzgün deyil. Bu artıq ayrıseçkilikdir. Birinci dəfədir belə bir şey eşidirəm. Düzünü desəm, anlamadım. Təşkilatçılardan bunu dəqiqləşdirmək lazımdır”.

Xatırladaq ki, Azərbaycan “Altın Kelebek” mükafatlandırma gecəsində iki dəfə iştirak edib. 2017-ci ildə mükafatı Xalq artisti Röya Ayxan, 2018-ci ildə isə Xalq artisti Aygün Kazımova qazanıb. Onlar hər ikisi “Azərbaycanın ən parlaq ulduzu” nominasiyasında qalib gəliblər.

Qeyd edək ki, noyabrın 16-da “Altın kelebek”in siması məşhur aktrisa Ebru Şahin paytaxt Bakının qonağı olacaq. Təşkil olunacaq möhtəşəm gecədə ulduz namizədlərin adı açıqlanacaq. Ötən ildən fərqli olaraq, namizədlərin iştirakı ilə konsert proqramı keçirilməyəcək.

Rəşad Əliyev