Maykl Ceksonun İngiltərə Kraliçasına ünvanlanmış qəribə tələbi üzə çıxdı

12:00 10-11-2019 553

Pop kralı Maykl Ceksonun həyatı boyu İngiltərə Kraliçası II Elizabetə cəngavərlik titulu almaq üçün çoxlu sayda məktub yazdığı məlum olub.

Ceksonun keçmiş yaxın mühafizəçisi Matt Fiddes tərəfindən ortaya atılan iddiaya görə, məşhur ifaçı dünyanın ən böyük ulduzu olduğunu əsas götürərək Kraliçadan ona cəngavərlik titulu verməsini xahiş edib.

Adının önündə “ser” ifadəsinin işlənməsini arzu edən Cekson şahzadə Diana ilə dostluğunun bu məsələdə həlledici ola biləcəyinə ümid edirmiş.

Lakin Kraliça heç vaxt Ceksonun tələblərinə məhəl verməyib.

Cekson ABŞ vətəndaşı olan məşhur rejissor Stiven Spilberqin bu titula sahib olduğunu əsas götürərək, cəngavərliyin təkcə ingilislərə verilmədiyinə inanırmış. O, hətta bu məsələdə bir neçə siyasətçinin köməyini də istəyib. Lakin heç zaman istəyi gerçəkləşməyib.

Fiddes qeyd edir ki, Maykl çox məqsədyönlü idi. Həyatı boyunca istəyib bacarmadığı tək şey cəngavərlik titulunu ala bilməməsi olub.