Prokuror bankın vəzifəli şəxslərinə cəza istədi

16:40 14-11-2019 341

Bakı Ağır Cinayətlər Məhkəməsində “Zaminbank”ın vəzifəli şəxsləri - Şahin İlyasov, Anar Osmanov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

HerGun.Az xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Prokuror çıxışında təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib. 

O, Ş.İlyasovun altı il müddətinə azadlıqdan məhrum edilməsini və barəsində seçilmiş qətimkan tədbirinin həbs-qətimkan tədbiri ilə əvəz edilməsini təklif edib. Prokuror digər təqsirləndirilənlərə beş il şərti azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Məhkəmə müşavirəyə çıxıb, buna görə də proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. 

Qeyd edək ki, təqsirləndirilən Şahin İlyasov “Zaminbank”ın “Sumqayıt” filialının müdiri, Anar Osmanov Xəzinə şöbəsinin müdiri, Anar Həsənov isə bankın Kredit şöbəsinin əməkdaşı, Zərifə Abıyeva da bankın əməkdaşı olub.

Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar ayrı-ayrı şəxslərin adına kredit artıraraq bankın pulunu mənimsəməkdə təqsirləndirilirlər.

Təqsirləndirilən şəxslər, ümumilikdə, banka 1 milyon 337 min manat ziyan vurmaqda təqsirləndirilirlər. Məhkəmədə həmin məbləğin ödənildiyi bildirilib.

Təqsirləndirilənlər barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.