Balakəndə çayın sahilindən qumbara tapıldı - FOTO

22:40 19-11-2019 381

Balakəndə əl qumbarası tapılıb.  

ANAMA-dan HerGun.Az-a verilən məlumata görə, 2019-cu il 19 Noyabr tarixində saat 14:02-də Agentliyə Daxili İşlər Nazirliyinin Balakən rayon Polis Şöbəsindən həmin rayonun Mahamalar kəndi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub. 

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Balakən rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib. 

Agentliyin mütəxəssisləri, Balakən rayon Polis Şöbəsinin və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Balakənçayın sahilinə baxış keçirilib.  

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili, təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd üzərində partladıcısı (UZRQM) olan F-1 əl qumbarası  aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. 

Əl qumbarasının ətrafında 100 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.