Özbəkistan öldürülən İŞİD döyüşçülərinin ailələrini vətənə qaytarır

06:20 20-11-2019 433

Suriyadan Özbəkistana qaytarılan özbək qadınları işlə təmin olunacaq.

AZƏRTAC xəbər verir ki, bu haqda Özbəkistan Məşğulluq və Əmək Münasibətləri Nazirliyi ölkənin Qadınlar Komitəsi ilə birgə keçirdiyi konfransda məlumat verilib. Bildirilib ki, bununla bağlı birgə plan hazırlanıb və 2020-ci ilin əvvəlindən bu proses başlanacaq.

Bu ilin may ayında İraqa və Suriyada gedən müharibədə atalarını itirən 156 uşaq və onların anaları vətənə gətirilib. Oktyabr ayında isə İraqda düşərgələrdə yaşayan 64 özbək uşağı Özbəkistana qaytarılıb.

Bu uşaqların əksəriyyətinin atası Yaxın Şərqdəki müharibələrdə həlak olub, bir hissəsi isə həbsxanalarda cəza çəkir. Uşaqların anaları da müharibədə birbaşa və ya dolayısı ilə iştirak etdiklərinə görə 10 ildən 20 ilədək həbs edilib və ya ömürlük azadlıqdan məhrum olunublar.

Bununla belə, Özbəkistan hökuməti bu qadınların bir hissəsini vətənə gətirə bilib.