Rusiyadan Azərbaycana qadağan olunmuş maddə gətirmək istədilər - FOTO

23:00 23-11-2019 522

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz 0303” markalı sərnişin nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. 

DGK-dan HerGun.Az-a verilən məlumata görə, nəqliyyat vasitəsindəki yüklərə rentgen qurğusu ilə keçirilən baxış zamanı şübhəli predmetlərin təsviri görünüb.  

Yoxlama zamanı köhnə paltarların arasında, qırmızı xətli çantanın içərisində gömrük orqanlarına bəyan olunmayan 5 ədəd qara sellofan torbalarda ümumi çəkisi 5 kq olan kalium permanqanat aşkarlanıb. 

Xatırladaq ki, kalium permanqanat “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların IV Siyahısı”na daxildir.