Hamilə aparıcı hiddətləndi: Yazırlar ki, qarnında uşaq ola-ola çəkilişlərə gedir - FOTO

12:40 07-12-2019 558

Birinci övladım olsa da, ikinci övlad hissi tamamilə başqadır. Təsəvvürümə ikinci övladı gətirə bilmirdim. Düşünürdüm ki, bu necə ola bilər? Bu hissi hər bir xanıma arzu edirəm. Bütün xanımlar övlad sahibi olsunlar.

Bu sözləri məşhur aparıcı Lalə Əlimuxtarova HerGun.Az-ın əməkdaşı ilə söhbətində bildirib.

O, ana olması ilə bağlı hisslərini bu cür dilə gətirdi:

“İlk övladım qızdır, doğulacaq ikinci övladım da qız olacaq. Artıq adını da fikirləşmişəm. Birinci qızımın adı Melisdir (bal arısı - red.). İkinci qızıma isə Elif (“Quran”da ilk hərfin adıdır - red.) adını qoyacağıq.

Melis səbirsizliklə bacısının doğulmasını gözləyir (gülür). Hələ iki-üç ay idi, heç doğulacaq körpəmin cinsiyyəti bəlli deyildi. Qızım əlini açıb dua etdi. Söylədi ki, “Ay Allah, mənə bacı qismət elə” ardınca isə “Amin” dedi. İnanın, çox təəccübləndik”.

Əlimuxtarova qızının aparıcılığa olan həvəsindən danışıb, onu bu yolda dəstəklədiyini vurğulayıb:

“Qızım da, bilirsiniz ki, aparıcılıq edir. Melisi düz 7-8 ay verilişimdə çəkdim. Əgər bu peşəyə davam etmək istəsə, mane olmayacağıq. Melis dilli-dilavərdir. Yaxşı film olsa, qızımın çəkilməyini istəyərəm”.

Lalə sosial şəbəkədə ana olmağa hazırlaşan məşhurları qınaq obyektinə çevirib, təhqir edən izləyicilərə sərt mesaj ünvanladı:

“Verilişim hər bazar efirdədir. Açığı deyim ki, vəziyyətimlə bağlı artıq uzaq rayonlara getmirəm. Hərdən hansısa müğənninin və ya aparıcının ana olması ilə bağlı xəbərlər “Instagram”da yazılanda xoşagəlməz şərhlər gəlir. “Gözüm aydın”, “Neyləyək ki, sən ana olacaqsan?”, “Qarnında uşaq ola-ola çəkilişlərə gedir” və “Hamilə ola-ola toylar aparır”.

Onlara sizin sayt vasitəsilə demək istəyirəm ki, ayıbdır, belə şeylər yazmayın! Hansı peşə sahibi olursa-olsun, hamilə ikən də işə gedir. Ağızlarına gələni bizim haqqımızda yazırlar. Bunlar yolverilməzdir.

Sosial şəbəkələrdə mənə yazılan şərhləri oxuyuram. Məsələn, müğənni Xuraman Şuşalı bir neçə həftə öncə ana oldu. Ona gələn şərhlərə baxanda adam stres keçirir. Yazırlar ki, “Gözüm aydın, ana olub”. Nə olar ki, xoş sözlər yazsanız. İnsanlar mülayim olsa, daha yaxşı olardı. İnsanları sevin! Gözəl arzular arzulayın!”

Rəşad Əliyev