Azərbaycanlı qız üçün Bakıda konsert verən Haluk Levent: Mahnılarınızı dinlədikcə xoşbəxt oluram - FOTO

18:40 07-12-2019 500

Beş gün öncə xəstə olsam da, Sura və ailəsinə baş çəkdim. Ona hər şeyin yaxşı olacağını söylədim. İki həftə sonra yenidən əməliyyat olunacaq. Hər birinizə salam söylədi.  

Bunu HerGun.Az-a açıqlamasında paytaxtımıza Suranın əməliyyatı üçün xeyriyyə konserti verməyə gələn Türkiyənin məşhur rok ifaçısı Haluk Levent deyib.  

Məhşur ifaçı bildirib ki, Bakıya birlikdə olduğumuzu göstərmək üçün gəlib:  

“Bu hadisə çox qısa zaman ərzində baş verdi. Bəzən qısa müddətdə həyata keçirilən konsertlər uğurlu alınmaya bilər. Amma konsertə nə qədər insan gəlsə belə onların sayəsində Suranın əməliyyatı olacaq. Mən bura gəlməsəydim, hansısa iş adamlarının köməkliyi ilə bu əməliyyat olacaqdı. Bunu dəfələrlə etmişik. Amma buraya gəlməyimin mənasının və xeyrinin olmasını istədim. Birlikdə olduğumuzu göstərmək üçün bu addımı atdım. Suranın əməliyyatı ilə bağlı açıqlamamdan sonra onunla bağlı Azərbaycandan xeyli müraciətlər olub. Amma artıq çox gec idi. Bundan sonra da bu cür xeyriyyə işlərində olmağa hazıram. Hər zaman gələ bilərəm. Əgər on konsertin olursa, onun üçündən qazanc əldə etməsən də olar”.  

Haluk Levent qeyd edib ki, konsertdən əldə olunan məbləğin bütünlükdə müalicəyə xərclənməsi üçün bütün digər əlavə xərclərdən qaçmağa çalışıblar: 

“Hətta buraya gələrkən biletlərimizi iş adamlarından biri aldı. Əlavə xərclərin çıxmasını istəmədik. Əsas Suranın əməliyyat olunmasıdır. Bilirsiz ki, “Ahpablar” adlı dərnəyimiz var. Bir çox türk sənətçiləri də bizə köməklik edir. Kimlərə müraciət ermişiksə, yox cavabı almamışıq. Hər biri əlindən gələni edir. Hətta sədrliyi onlardan birinə vermək belə istədim. Müraciət edərək, bir az istirahət etmək istədiyimi söylədim. Amma bu iş çətin olduğu üçün kimsə istəmədi. Hazırda Türkiyədə narkotikdən istifadə edən gənclərin sayı çoxalır. Bununla bağlı qarşıda yeni layihəmiz var. Layihədə bir çox məktəblər iştirak edəcək. Layihə yaxın zamanda həyata keçmək üzrədir”.  

Rok ifaçısı sənətçilərimizdən çoxunu tanıdığını qeyd edib:  

“Xeyli azərbaycanlı sənətçi tanıyıram. Ona görə də kiminsə adını çəksəm, digərlərinə haqsızlıq olar. Amma ən önəmlisi odur ki, Azərbaycan mahnılarını məndən çox bilən türk sənətçisi yoxdur. Bunu utanmadan, açıq deyirəm. İllərdir sizin mahnıları oxuyuram. İnanın ki, sizin mahnıları dinlədikcə xoşbəxt oluram. Albomlarımından birində “Bülbül” adlı mahnı oxumuşam. Yeni çıxacaq albomumda sürpriz bir mahnı olacaq. Ancaq adını söyləyə bilməyəcəm. Hazırda kiminləsə duet oxumaq fikrim yoxdur. Əsas Azərbaycan mahnısı ifa etməkdir. Musiqi baxımından iki ölkə arasında daha yaxın əlaqələr qurmaq istəyirəm”.  

“On bir yaşlı qızınız Ela xeyriyyəçilik baxımından sizə bənzəyirmi?” sualına müğənni bununla bağlı nəsə deməyin tez olduğunu bildirib: “Hələ ki, qızım uşaqdır. İnanıram ki, gələcəkdə mənim kimi olacaq. Uşaqların hamısı hər zaman yaxşı şeylər fikirləşirlər. Önəmli odur ki, o istəklərini gələcəkdə həyata keçirə bilsinlər”.  

“Digər həmkarlarız kimi Bakıda ev almaq istəyirsizmi?” sualına müğənni bu cür şeylərin şou xarakterli olduğunu deyib: “Ev almasan, nə olacaq? Bura gəldiyim zaman oteldə və ya dostlarımın evində qala bilərəm. Əsas Bakıya gəlməkdir. Mən səmimi insanam. Ona görə də yalandan nəsə deyə bilmərəm”. 

Sevinc Yasinqızı  

Foto: Ramil Zeynalov