Conson qapıları açacağına söz verdi: lakin şərti var

09:00 08-12-2019 363

Böyük Britaniyanın Baş naziri Boris Conson dekabrın 12-də keçiriləcək növbədənkənar seçkilərdə qələbə qazanacağı təqdirdə yeni sərhəd nəzarəti sistemi və üç növ iş vizası yaratmaq niyyətindədir.

Bu barədə Conson “Sunday Times” qəzetinə müsahibəsində bildirib.

Elm, mədəniyyət və ya sahibkarlıq sahəsində ciddi xidmətləri olan insanlara “Müstəsna istedad” vizası veriləcək. İkinci tip viza Britaniyada iş təklifi alan ixtisaslı işçilərə veriləcək.

Üçüncü növ viza isə peşəkar bacarıq səviyyəsi aşağı olan əmək miqrantlarına veriləcək. Lakin bu insanlara öncəki iki kateqoriyanın nümayəndələrindən fərqli olaraq yaşayış icazəsi almaq çətin olacaq.

Conson qeyd edib ki, yeni sistem Avstraliya təcrübəsinə əsaslanacaq və Böyük Britaniya Avropa İttifaqının tərkibindən çıxdıqdan sonra dövlət sərhədləri üzərində nəzarəti bərpa etməyə kömək edəcək. Yeni tədbirlər ölkədə əmək miqrantlarının sayının azaldılmasına yönəlib, lakin radikal xarakter daşımayacaq.

“Bu, aldatma və qapıların bağlanması demək deyil, bu, heç də belə deyil. Britaniya bütün dünyaya ədalətli şərtlər daxilində açıq qalacaq”, - deyə Baş nazir bildirib.