Əsla ruhdan düşmə!

14:20 09-12-2019 42

Fəxri Ağayev yazır...

Özünü inkişaf etdir. Bu gün böyük sürətlə dəyişən dünyada ən vacib məsələ bilikdir. Oxuyun! Hər gün oxuyun.

Telefonda məşq etmək üçün mahnı axtaran və “azeri music bass” axtarışda təsadüfən bir videoya əli dəyən Rüstəm bu sözləri eşidəndə ağzı büküldü. 

Günlərini standart tərzdə keçirən Rüstəm fərqli həyatının ola biləcəyini təsəvvür belə etmirdi.

Gecələri “Instagram”da, “Facebook”da videolar izləyərək gec saatlara qədər yatmayan və səhər çətinliklə oyanan 11-ci sinif şagirdi digər sinif yoldaşlarından çox da fərqlənmirdi: məktəbə birinci dərsə gecikirdilər, şalvarlarının arxa cibində gəzdirdikləri əzilmiş bir dəftərdə bütün dərsləri yazır, söhbətləri ancaq musiqi, idmanla və əsasən də, hansı dərmanlarda bədən şişirmək haqda idi.

Sinifdəki oğlanlar yaxın gələcəkdəki həyat mövzusunda ikiyə bölünmüşdü: tam imkansızlar - əsgərliyə getməyə hazırlaşanlar və artıq heç nə oxumayanlar və ailələrini əlavə dərs və müəllimlərə ödəniş etmək üçün imkanı olanlar.

Rüstəmin ailəsi onun oxumasını istəyirdi. Buna görə də dövlət qurumunda sadə mühəndis işləyən və aylıq 320 manat maaşla yaşayan ailəsi hər ay müxtəlik müəllimlərə 100 manat ödəniş edirdi ki, Rüstəm uinversitetə hazırlaşsın. Üç ayda bir keçirilən test imtahanı nəticələri isə Rüstəmin ancaq ödənişli fakültələrdə oxuya biləcəyini göstərirdi.

Nə? Oxuyun? Niyə? Deeee, Tofiq müəllim məktəbdə ömrünü oxumağa həsr edib. Adam kitabla gəzir. Amma illərdir eyni və yamaqlı geyimdə. O da bizə dərslərdə deyir ki, oxuyun. 

Hamı susurdu. Axırda aramızda ən dilli olan Mehman dedi ki, ay müəllim, oxumusan indiyə qədər və əlavə etdi “biz Sizin kimi olmaq istəmirik axı”. 

Tofiq müəllim üzündə kədərli ifadə ilə səslərin kəsilməsini gözlədi və bir sual verdi: Mənim xoşbəxt olmadığımı haradan bilirsiniz? Sizcə rahatlıq puldadır?

Tofiq müəllim kəndin ağsaqqalı sayılırdı. Qəribədir – bütün imkanlı insanlar kənddə və qonşu kənddə belə onunla bir çox mövzularda məsləhətləşirdi. Birinci sinifdən Tofiq müəllimi tanıyan Rüstəm onu daim bir geyimdə görürdü – tünd boz rəngdə kostyum, ağ köynək və qara qalstuk.

Müəllimin bir tək ayaqqabısı dəyişərdi mövsümə görə. Tofiq müəllimə sual verən insan o qədər dərin cavab alırdı ki, əlavə sualı qalmırdı. Boş vaxtlarını digər müəllimlər kimi qışda müəllimlər otağında, yayda isə həyətdə ağac altında domino oynamaqla keçirmirdi – köhnə kitablarla şahmat oynayırdı. Hər kəs onu çox ağıllı sayırdı, amma nədənsə ağıllı insanın pulu yox idi. Ən qəribəsi isə o idi ki, Tofiq müəllim xoşbəxt idi. Öz dünyasında yaşayırdı sanki. 

Digər müəllimlərin kənd toylarında içdikdən sonra nələr etdiyini görən şagirdlər onlara ciddi yanaşmırdılar və hörmət etmirdilər, amma üzünün yaşlanmasına baxmayaraq, gözləri daim işıldayan Tofiq müəllim fərqli insan idi. 

Hər kəs təəccüblü şəkildə biri-birinə baxdı - müəllim bu yaşa gəlib, amma həyatı başa düşməyib.

Mehman yenə davam etdi: “Tofiq müəllim, bizim oxumağımıza görə pul verən yoxdur. Bax müğənnilərə - kef edirlər. Hər gün toylarda, yeyib içmək, bahalı maşınlar...”

Rüstəm arxaya söykəndi və yenə də fikrə getdi: “Bəs yaxşı, onda necə olur? Əgər mən oxuya bilmirəmsə, güclü qohumum yoxdursa – o zaman heç nə qazana bilmərəm bu həyatda?”

Hamının şəhərdə tanıdığı “JEK” rəisinin oğlu Dilavər. Öz adını belə yaza bilmir. Altında Niva.

Bakıda hansısa universitetdə oxuyur. Bütün günü kef edir maşını ilə. Hörməti də hörmət. 

Bəs mənim atam? “Mən kişi kimi yaşamışam və sizin damarlarınızda halal qan axır” deyib bizə ömür boyu. Nə olsun ki? Amma mənim avtomobilim yoxdur. Nəinki mənim, heç atamın özünün də yoxdur.

Oxu deyir hamı. Atam da deyir, oxu. Kollecdəki müəllimlər də. Amma onların heç biri özü oxumur. Heç birinin əlində kitab görməmişəm. Kollecdəki müəllimlər dərsdən sonra domino, nərd oynayırlar.

Oxusam, kimə oxşayacam? Oxumasam, nə edəcəm? Yoxmu heç çıxış yolu?

Bəlkə, gedim Tofiq müəllimlə danışım? Bu qədər yaşlılar, kənd camaatı onunla məsləhətləşir. 

Növbəti gün dərslər bitdikdən sonra Rüstəm Tofiq müəllimlə görüşmək üçün onun arxasınca getdi. Altı dərsin necə keçdiyini bilmədi belə, çünki fikirlərini necə ifadə edəcəyini bilmirdi.

“Mən ona necə başa salım? Narahatam, amma bilmirəm, başa düşərmi?” “O, məni başa düşər” deyə düşündü.

Bütün məktəb bilirdi ki, dərslərdən sonra müəllimlər evə getmirdi – kimisi verdiyi ev tapşırıqlarını yoxlayırdı, kimisi əlavə gəlir üçün məktəb sonrası hazırlıq dərsləri keçirdi, kimisi həyətdə söhbətləşirdi, domino oynayırdı. Və ancaq Tofiq müəllim şəxsən özünün qurduğu kitabxanaya gedirdi, kitabların tozunu silirdi, masaları, oturacaqları düzəldirdi və sonra da oturub axşama qədər kitab oxuyub qeydlər aparırdı. 

Kitabxana üçün otaq almaq çətin olmadı – boş və təmirsiz bir otağı direktor məktəb kitabxanası üçün ayırdı. Tofiq müəllim oradakı yüngül təmiri özü və onun zəhmətinə dəyər verən bir neçə 11-ci sinif şagirdləri ilə etdi. Masalar, oturacaqlar məktəbin anbarından qırıq şəkildə götürüldü və təmir edildi. Rəfləri mişar-çəkic-mismarlarla bir-bir öz əlləri ilə hazırladı Tofiq müəllim. Evində olan və köhnə məktəb kitabxanasının bütün kitablarını səliqəli şəkildə bir-bir təmizlədikdən sonra rəflərə yığdı.

Artıq neçə ildir ki, dərslər bitdikdən sonra Tofiq müəllim kitabxanada axşama qədər oturur.

Onun şagirdləri Bakıda və ya xaricə gedəndə “Müəllim, nə gətirim sənə?” sualını verəndə onlara “Məktəbə, kitabxanaya, uşaqlara kitab gətir” deyirdi.

Rüstəm kitabxanaya ilk dəfə idi gəlirdi. Kitabxananın qapısını açıb içəri girəndə Tofiq müəllimi masa arxasında gördü. Önündə bir neçə kitab olan Tofiq müəllim eynəyini əlində tutub düşünürdü. Rüstəmin gəldiyini görən Tofiq müəllim təəccübünü gizlədə bilmədi və “Nəsə olub, Rüstəm?” deyə soruşdu.

“Yox, mən... Elə-belə gəldim, Tofiq müəllim. Olar?”, - deyə utanaraq soruşdu şagird.

“Təbii ki, gəl, oğlum”, – Tofiq müəllim ayağa qalxdı. “Gəl, otur”, – onu masaya dəvət etdi.

“Elə indi gözəl çay dəmləmişəm – gəl, səninlə onu içək” deyə təklif etdi və Rüstəmi oturacaqda oturdub kitab rəflərinin yanında alçaq və siyirmələri şüşədən olan bir şkaf üzərində elektrik çaydanının düyməsini basdı və sonra da oturdu Rüstəmin yanında.

Rüstəm ətrafa diqqətlə baxırdı. Bu qədər kitabı bir yerdə ilk dəfə idi ki, görürdü. Rüstəmin təbii marağını görən Tofiq müəllim ona mane olmadı və səssizcə onu izləyirdi.

Rüstəm üzünü ona çevirəndə müəllim soruşdu: “Hə, oğlum. Necəsən? Yaxşısanmı?”

“Yaxşıyam Tofiq müəllim. Mən gəldim ki... Bilmirəm... Mmm. Sualım vardı...”

Şagirdin sıxıldığını hiss edən Tofiq müəllim vəziyyəti ələ aldı: “Rahat ol, Rüstəm. Nə haqdadır sual?”

“Tofiq müəllim, mən gələcəkdə kim olum? Kim olacam? Mənim gələcəyim necə olacaq? Mənim adamım, daydayım, məni tapşıran yoxdursa, deməli. şansım yoxdur?” 

“Əslində, sənin güclü bir day-dayın var. Amma sənin hələlik xəbərin yoxdur”.

“Doğrudan? Kimdir? Siz tanıyırsınız onu? Rusiyadadır? Hardadır?”

“O, mənim qarşımdadır və daim səninlədir”.

“Aaaaa, hanı? Necə yəni mənimlədir?”

“Daim yanındadır”.

“Kimdir o, Tofiq müəllim?!!”, – böyük maraqla Rüstəm soruşdu. Daydayının olması onu çox təəccübləndirmişdi.

“Sənin daydayın sənin başındır və onun içində olan bilik və savad. Sənin üçün ən güclü qoruma da sənin başındır. Onu gücləndirməlisən və savadlı və bilikli olanda sən artıq heç kimdən asılı olmayacaqsan”.

Rüstəmin təəccübləndiyini görən Tofiq müəllim fikrinə davam etdi:

“Hamının bildiyi daydaya görə bir işə getsən, ondan asılı olacaqsan və hər an işdən çıxarıla bilərsən. Müstəqil və rahat olmayacaqsan. Amma digər daydayla, öz bilik və savadınla nəinki hər zaman rahat və heç kimdən asılı olmadan iş tapacaqsan – sənin gücün daxilində və özündə olacaq. Bunun üçün isə daim oxumalı və beynini gücləndirməlisən, Rüstəm”.