Dörd ev və bir çayxanadan oğurluq edən şəxs tutulub

20:00 13-12-2019 1110

Astarada dörd evdən və bir çayxanadan oğurluq edən şəxs rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan HerGun.Az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinə rayonun Şiyəkəran kəndində hazırda Rusiya Federasiyasında yaşayan Rinad Talıbova məxsus evdən məişət əşyalarının oğurlanması ilə bağlı müraciət olunub.

Oğurluğu törətməkdə şübhəli bilinən şəxs əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Astara rayonunun Şiyəkəran kənd sakini Raqif Mirzəyev olduğu müəyyən edilib. Saxlanıldıqdan sonra R.Mirzəyev üzərinə baxış zamanı ondan bir bükümdə heroin aşkarlanaraq götürülüb.

Aparılmış əməliyyat tədbirləri ilə R.Mirzəyevin daha üç həmkəndlisinin evindən və bir çayxanadan oğurluq etdiyi, əsasən sahiblərinin Rusiyada yaşadığı evləri hədəf seçdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.