Türkiyədə müalicə alan Xalq artisti: MRT-yə ödəyəcəyim pulun miqdarını söyləyəndə şoka düşdüm

21:20 13-12-2019 960

Türkiyədə müalicəm işə yaradı. Özümü yaxşı hiss edirəm. Amma müalicəmi davam etdirmək üçün yenidən Türkiyəyə qayıtmalıyam.

Bu sözləri HerGun.Az-ın əməkdaşı ilə söhbətində Xalq artisti Naibə Allahverdiyeva bildirib. Aktrisa Türkiyədə aldığı müalicəsinin ona baha başa gəldiyini bildirib:

“Beyin və qan təzyiqimin yuxarı olması ilə bağlı səhhətimdə ciddi problemlər yarandı. Ona görə də Türkiyəyə getdim. İnanın, müalicəm mənə baha başa gəldi. Orada həkimlər və müalicə çox bahalıdır. Həddindən artıq çox pulum çıxdı”.

N.Allahverdiyeva müalicəsi ilə bağlı maliyyə baxımından aldadıldığını da dilə gətirib, gileyləndi:

“Türkiyədə müalicə aldığım klinikanın distribüteri Bakıda da var. Onların yolu ilə Türkiyədəki həmin klinikaya getdim. Amma məni aldatdılar. Mənim vəziyyətim elə kritik idi ki, götür-qoy etməyə və düşünməyə zamanım yox idi. Təcili olaraq getməli idim. Türkiyədə soyuldum. Çox bahaçılıqdır. Türk vətəndaşlarının tibbi sığortası var. Ona görə onların xəstəxanalara bizim kimi külli miqdarda xərcləri çıxmır. Bakıdan gedəndə Türkiyədəki klinikanın bu qədər baha olduğunu mənə söyləmədilər. Ora tək getməmişdim, yanımda yaxın qohumum var idi. Özümdə-sözümdə deyildim. MRT-yə ödəcəyim pulun miqdarını mənə söyləyəndə şoka düşdüm”.

Bir iynənin ucbatından komaya düşüb, vəziyyəti ağırlaşan xalq artisti Bakıda müalicəsinin onun üçün riskli olduğunu anlayıb, məhz bu səbəbdən Türkiyəyə üz tutduğunu vurğuladı:

“Bakıda müalicəmə kifayət qədər böyük məbləğdə pul xərclədim. Onlar mənə dəqiq diaqnoz da qoya bilmədilər. Vəziyyətin daha da gərginləşdiyini gördükdən sonra, qorxub, təlaşlanıb çarəni Türkiyəyə getməkdə gördüm. Səhhətim çox pis və ağır idi. Burada müalicə aparmaqdan imtina etdim. Çünki həkimin bir iynəsi məni “koma halı”na saldı, “şoka” düşdüm. Bundan sonra gözüm çox qorxdu. O üzdən qərar verdim ki, Türkiyəyə gedib, orada müalicə almalıyam.

Mən artıq işə çıxıram. Mədəniyyət Nazirliyi, bir çox sənət yoldaşlarım və məni sevən pərəstişkarlarım zəng vurub səhhətimlə maraqlandılar. Onların hər birinə öz təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, bir müddət bundan əvvəl Naibə Allahverdiyeva əsəblərinin pozulduğunu və qan təzyiqindən əziyyət çəkdiyini bildirmişdi. 

Rəşad Əliyev