“Su pərisi”ni qara dərili seksual müğənni canlandıracaq - FOTO/VİDEO

15:45 04-07-2019 863

“Uolt Disney” kinostudiyası məşhur cizgi filmi “Su pərisi”ni yenidən ekranlara qaytarır. Animasiya bu dəfə bədii film formatında böyük ekranlara çıxacaq. 

HerGun.Az xəbər verir ki, əsas dəyişikliklərdən biri filmin qəhrəmanı Ariel ilə bağlıdır.

Bu obrazı “Yetkinlər” serialında məşhurlaşan qara dərili Holli Beyli canlandıracaq. Bu məlumat öz təsdiqini “Disney”in rəsmi “Twitter” hesabında tapıb.

Holli aktrisalıqla yanaşı, RnB ifaçısı kimi “Chloe x Halle” qrupunda fəaliyyət göstərir. O, bu il ən yaxşı müğənni nominasiyasında nüfuzlu “Grammy” mükafatına sahib olub. 

“Uzun axtarışdan sonra Holli sanki nadir tapıntı kimi üzə çıxdı. Onun ruhu, ürəyi, gəncliyi və möhtəşəm səs tembri bu rol üçün bütün zəruri xüsusiyyətlərə sahib olduğunu üzə çıxardı”, - layihənin rejissoru Rob Marşal müsahibəsində dilə gətirib.

Qeyd edək ki, “Su pərisi” animasiya filmi “Uolt Disney”in ərsəyə gətirdiyi sayca 28-ci ekran işidir. Film böyük ekranlara çıxdıqdan sonra onun cizgi serialı 1995-ci ildən “Disney”in “Sehrli Dünya” proqramında yayımlanıb. “Su pərisi” 3D formatında hazırlanaraq, 13 sentyabr 2013-cü ildə təqdim edilib.  

Rəşad Əliyev