Kənandan “Vicdan haqqı”nın Larisasına ismarıc: Kimin ürəyi necə istəyir, elə öpüşsün

19:40 21-12-2019 533

Heç mən bilməmişəm ki, o öpüş məsələsini gözəl aktrisamız Çimnaz Sultanova deyib. Çimnaz xanımla mənim çox gözəl münasibətim var. Aramızda heç vaxt söz-söhbət olmayıb.

Bu sözləri məşhur rejissor və aktyor Kənan Mahmudov HerGun.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Aktrisa Çimnaz Sultanovanın “Azərbaycanda öpüş səhnələrini çəkə biləcək rejissor yoxdur” fikrinə K.Mahmudov bu cür münasibət bildirib:

“Yenə də təkrar edirəm, mən bu yaşdan sonra heç kimə öpüşməyi öyrədəsi deyiləm. Mənim əskim tüstülüdür, güclə canımı qutarmışam. Kimin ürəyi necə istəyirsə, elə də, öpüşsün” (gülür).

Məşhur daha sonra “İnstagram”da baş verənlərə, haqqında yazılan xəbərlərə etiraz etdi:

“İnstagram”da 50-dən çox xəbər səhifəsini yazdıqları iyrənc başlıqlara görə qara siyahıya atmışam. Həmin xəbər başlıqlarını oxuyanda özümdən aslı olmayaraq əsəbləşirəm. Başlıqla xəbərin içindəki üst-üstə düşmür, heç aidiyyatı belə olmur.

Keçən dəfə görürəm ki, haqqımda xəbər paylaşılıb. Başlığa isə yazıblar “Kənanı heç yerdə belə görməmisiniz”. Maraqlı gəldi, girdim uşaqlıq şəkillərimə baxdım (gülür). Artıq mən o etapı keçmişəm. Tək mənim üsyanımla bu kimi məsələlər düzəlmir”.

Türkiyədə reytinqləri alt-üst edən “Savaşçı” serialında Bəxtiyar obrazını canlandıran Kənan M.M bundan sonra qardaş ölkədə seriallarda deyil, yalnız filmlərdə rol alacağını deyib, həm rejissorluq, həm də aktyorluq karyerasını Azərbaycanda davam etdirəcəyini diqqətə çatdırdı:

“Türkiyədə yalnız filmlərdə oynayacam. Seriallara çəkilməyəcəm. Çünki seriala çəkilmək həm çox zaman alır, həm də insan həddindən artıq yorulur. Türkiyədə “Ən çətin şərtlərdə lentə alınan serial hansıdır?” sualı ilə sorğu keçirilib. Səs çoxluğu ilə “Savaşçı” serialının adı çəkilib.

Əsgərlikdə heç o qədər “uniforma” geyinməmişdim. Müğənni Mahsun Kırmızıgül zarafatla mənə deyirdi ki, sənin əsgərliyin bitməyib, Əskişəhərdə davam edir. Çox soyuq şəhərdir, baxmayaraq ki, mən Naxçıvanda böyümüşəm, ora da soyuqdur. Fikirləşirəm ki, edə biləcəyimi etdim. Orada qalsam belə, daha çox uğur əldə edəcəyimi düşünmürəm. O uğuru istəyirəm Azərbaycana daşıyım”.

Türkiyədə aldığı qonorardan söhbət düşəndə isə Kənan razılıq etdi:

“Türkiyədə çəkilişlər zamanı bir çox çətinliklər yaşasam da, qarşılığında aldığım qonorar ona dəyər. Sənətə olan sevgi başqadır. Sənə milyon da versələr, o işi bacarmırsansa, alınmayacaq. Türkiyədə mənim çəkdiyim filmləri izləyib, adımı “ağladan adam” qoydular. Əgər insan A nöqtəsində uğurludursa, o, B nöqtəsində də uğurlu ola bilər. Amma mənim yaşadığım və aid olduğum yer Azərbaycadır. İstəyirəm ki, karyeramı burada davam etdirim”.

Aktyorluq karyerasını Türkiyədə uğurla davam etdirən Kənan, son illər Azərbaycanda çəkilən kliplərdən narazı olduğunu bildirdi:

“İndi heç kimə klip lazım deyil. Başlarını çəkib qoyurlar, onunla  da kifayətlənirlər. Təsiredici ekran işi yoxdur. Xalq artisti Faiq Ağayevin “Ayrılma məndən”, Röya Ayxanın “Söylə”, İradə İbrahimovanın “Yaşanalar” kimi kliplərindən yoxdur. Çəkdikləri kliplərin hekayələri olmur”.

Kənan Mahmudov yaxın aylarda ərsəyə gətirəcəyi işlərin anonsunu verməyi də unutmadı:

“Yeni ildən sonra ATV kanalında 40 bölümlük bir dram serialının çəkilişlərinə başlayıram. Kanal ilə bu gün razılığa gəldik.

Yeni mövsümdən izləyəcəyiniz serial fərqli mövzuda olacaq. Baş rola aktrisa Günəş Mehdizadəni fikirləşirəm. Onun da serialı mart ayında bitir. Günəş işində məsuliyyətlidir, problem yaratmır, kaprizi yoxdur. “Qayıdış” filmində bizi cütlük kimi bir-birimizə çox yaraşdırdılar. “Qayıdış-2”ni də tələb edirdilər. Ümid edirik ki, daha bir uğura imza atacağıq”.

Rəşad Əliyev