Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşündə əsas mövzu - Ekspert açıqlaması

17:45 05-07-2019 664

Azərbaycan, Rusiya və İran prezidentləri İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin Soçidə avqustun 14-nə planlaşdırılmış üçtərəfli görüşünün əsas mövzularından biri regional təhlükəsizliyin təmin edilməsi olacaq.

Bunu HerGun.Az-a açıqlamasında “Novaya Rossiya” ictimai-siyasi hərəkatının lideri, Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayev deyib.

Onun sözlərinə görə, şübhəsiz ki, prezidentlər Cənubi Qafqaz və Yaxın Şərq regionunda təhlükəsizliyin təmin edilməsi məsələsini müzakirə edəcəklər:

“Üç ölkənin daha çox karbohidrogen tərkibli iqtisadi modellərinin oxşarlığı da danışıqlarda öz sözünü deyəcək. Karbohidrogenlərin qiymətinin dəyişkən olduğu bir şəraitdə fəaliyyətləri əlaqələndirmək vacibdir”.

N.İsayev qeyd edib ki, bundan başqa, Çinin fəallığını və Avropaya istiqamətlənməsini, həmçinin Rusiya və İrana qarşı göstərilən sanksiya təzyiqini nəzərə almaqla, logistik yollar məsələsini diqqətdə saxlamaq lazımdır”.

Onun fikrincə, Rusiya Prezidenti üçün azərbaycanlı və iranlı həmkarları ilə vahid geosiyasi mövqe nümayiş etdirmək vacibdir:

“Görüşdə Xəzər akvatoriyasında əməkdaşlıq, o cümlədən enerji hasilatı, logistika, turizm potensialı məsələlərinə də toxunula bilər. Azərbaycan Astana qrupunda iştirak etmədiyinə görə çətin ki, hərbi tərkibli məsələlərə baxılsın”.

Ekspert güman edir ki, V.Putin Osakada G20 sammiti çərçivəsində ABŞ və Çin tərəfləri ilə apardığı danışıqlarla bağlı həmkarlarını məlumatlandıra bilər.

Xatırladaq ki, Azərbaycan, İran və Rusiya liderlərinin ilk üçtərəfli sammiti 2016-cı ilin avqustunda Bakıda, ikincisi isə 2017-ci ilin noyabrında Tehranda keçirilib.

Rasim Babayev