Yığmamızdan ayrılan oyunçu: Biz həmişə “qısa skamya”mızın qiymətini ödəmişik

10:20 11-01-2020 462

Mən hələ də çıxış etdiyim ilk Avropa çempionatını xatırlayıram. Onda mən Rusiyaya qarşı oynamışdım. Yekaterina Qamova və Yuliya Merkulova həmin vaxt Rusiya millisində çıxış edirdi. Bu iki nəfərin adını çəkməklə bizim qarşımızda hansı cür blok oyunçularının dayandığını təsəvvür etmək imkanın olur. Mən onları yalnız televizordan voleybola baxarkən tanıyırdım. Özümü onlarla üzbəüz görəndə öz-özümə dedim: “Gözəl, vau!”

HerGun.Az xəbər verir ki, bunu qadın voleybolu üzrə millimizdən ayrılan Polina Rəhimova deyib.

Yığmamız dünən Niderlandın Apeldoorn şəhərində keçirilən Avropa təsnifat turnirində Polşaya 0:3 (19:25, 19:25, 23:25) hesabı ilə uduzaraq A qrupunda sonuncu olub. Bu matç millimizin aparıcı üzvü Polina Rəhimova üçün sonuncu qarşılaşma kimi tarixə düşüb.

Özbəkistan doğumlu, uşaqlığı və gəncliyini Ukraynada keçirmiş, Azərbaycan millisində 2007-ci ildə Belçikanın Şarlerua şəhərində baş tutmuş Avropa çempionatında Belarusa qarşı keçirmiş Rəhimova bununla da 141 dəfə yığmamızda oynayıb. 198 sm boyu olan və voleybol fanatları tərəfindən “qol vuran maşın” kimi adlandırılan Polina 2015-ci ilin dekabrında Yaponiya liqasında bir matça 58 xal toplamaqla dünya rekordçusu ünvanına sahib çıxıb.

“Milli komanda ilə çıxış etdiyim 13 ildən çoxlu yaxşı xatirələrim var. Natalya Məmmədova həmişə mənim üçün bir növ model rolu oynayıb. Çünki o məni xüsusən çətin vaxtlarımda ruhlandırırdı. Artıq beynəlxalq voleyboldan ayrılmış orta blokçu Kseniya Poznyak da mənə yaxşı dost idi. O, indi Kanadada təhsil alır və orada kollec üçün oynayır. Olena Həsənovayla da çox yaxınam. Təəssüf ki, o, zədələrinə görə bizimlə Apeldoornda ola bilmədi”, – deyə Rəhimova bildirir.

2015-ci ildə I Avropa Oyunlarında 215 xal toplamaqla Azərbaycan millisinin dördüncü olmasında böyük payı olan P.Rəhimova 2017-ci ilin Avropa çempionatında turnirin ən çox xal yığan voleybolçusu olub – 151 xal.

Üç dəfə Olimpiya təsnifat turnirində və dörd dəfə Avropa çempionatında oynamış 29 yaşlı Rəhimovanın milli ilə yeganə uğuru 2017-ci ildə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında qazanılan qızıl medaldır:

“Biz çox nailiyyət qazana bilərdik. Xüsusən 2017-ci ildə biz Avropa çempionatının yarımfinalında Niderlanda dramatik şəkildə uduzanda. Həmin turniri biz ikinci yerdə bitirə bilərdik. Ancaq biz həmişə “qısa skamya”mızın qiymətini ödəmişik. Ona görə də start heyətin oyunçularına olduqca çox təzyiq düşürdü.

Mən yığma karyeramı indi tamamlayacağam. Çünki Braziliyada oynayıram. Dünyanın bir tərəfindən digər tərəfinə səfər etmək, qısa müddətdə fərqli mühitə və komandaya uyğunlaşmaq çox səy tələb edir. Bununla belə, Azərbaycan komandasında keçirdiyim xatirələr mənimlə əbədi olaraq qalacaq”.

Səbuhi Musayev