Mafiya ilə əlaqə italiyalı futbolçuya baha başa gəldi

20:00 13-01-2020 460

“Yuventus”, “Fiorentina” və “Palermo”nun keçmiş futbolçusu Fabrisio Mikkolinin şikayətini məhkəmə qəbul etmədi.

Bu barədə Vesti.ru xəbər verib.

Bildirilir ki, futbolçu təsadüfən “Koza Nostra” Siciliya mafiyasının rəhbərlərindən olan Ninonun oğlu Mauro Lauriçella ilə dostlaşıb. Bir müddət sonra o, Lauriçellaya bildirir ki, bir tanışı 12 min avro (22 min 800 AZN) borcunu qaytarmır.

Mafiya rəhbərinin oğlu hesablaşmaq üçün futbolçuya kömək edəcəyini deyir.

Ancaq Mikkoliniyə borclu olan “Palermo”nun fizioterapevti Corcio Qasparini 12 min avro əvəzinə 20 min avro (38 min AZN) qaytarmalı olur. Pulun 40%-i mafiya üçün “zəhməthaqqı” olur.

Məhkəmədə futbolçu, Mauro ilə tanışlığını gizlətməyib, lakin onun valideynləri barədə məlumatsız olduğunu deyib.

Məhkəmə borcluya təzyiq metodlarını çox sərt hesab etdiyi üçün Lauriçellaya yeddi il həbs cəzası verib. Mikkoli isə 3,5 illə canını qurtarıb. 2017-ci ilin oktyabrında qəbul edilmiş hökmə 2020-ci ildə yenidən baxılıb, amma futbolçunun müraciəti rədd edilib və ilkin hökm qüvvədə saxlanılıb.