Drezden operası Yusif Eyvazova qarşı ittihamları rədd etdi

08:20 14-01-2020 650

Drezden opera teatrı erməni opera müğənnisi Ruzan Mantaşyanın 15-ci “Semper Opera ball” gecəsində milliyətinə görə iştirakdan xaric edilməsini qətiyyətlə rədd edir.

HerGun.Az xəbər verir ki, bu haqda tədbir təşkilatçılarının rəsmi press-relizində deyilir.

Xatırladaq ki, daha əvvəl KİV-də Azərbaycanın Xalq artisti Yusif Eyvazovun Drezden opera teatrının qala-konsertində erməni müğənnisi ilə bir səhnəyə çıxmasına etiraz etdiyi bildirilib.

Lakin “Semper Opera ball”ın bədii rəhbəri Xans-Yoaxim Frey bu ittihamları pisləyib, onları ağ yalan və böhtan adlandırıb.

Onun sözlərinə görə, opera teatrı heç vaxt R.Mantaşyanla çıxış haqqında müqavilə bağlamayıb, Yusif Eyvazov isə heç vaxt fəaliyyətini və həmkarları ilə münasibətini milli mənsubiyyətə görə qurmayıb.

“Uzun illər boyu “Semper Opera ball”ın cazibəsi elə ondadır ki, bizim proqramda müxtəlif ölkələrin, o cümlədən də Ermənistanın artistləri iştirak edir. Yusif Eyvazov kosmopolit və düzgün insan kimi tanınır və bu səbəbdən böyük rəğbətlə qarşılanır”, - deyə bədii rəhbər bildirib.

Onun fikrincə anlaşılmazlıqda günah R.Mantaşyanın agentlərindədir.

Yusif Eyvazov özüdə bunu şərh edərək, məsələyə aydınlıq gətirib.

“Əziz dostlar, mən azərbaycanlıyam, Azərbaycan və Ermənistan dövlətləri arasında yaranmış durum haqda aydın bilgim və fikrim var. Amma mənim siyasi əqidələrimin heç zaman sənətimə və səhnə yoldaşlarıma aidiyyəti olmayıb. Böyük Teatrda dəfələrlə Mariya Qulegina və Qevorq Akopyanla bir səhnəyə çıxmışam. Buna görə, məlumatları yoxlayın və təxribatı yaymayın. Əvvəlcədən planlaşdırdığımız kimi mənim “Semper Opera ball 2020”də çıxışım solo olacaq və başqa müğənnilərlə nəzərdə tutulmayıb”, - deyə Xalq artisti bildirib.