Bakıda Könüllülük hərəkatı ilə bağlı daha bir görüş keçirildi - FOTO

16:00 16-01-2020 362

15 yanvar 2020-ci ildə Sabunçu Gənclər Evində “2020-ci ildə könüllülük hərəkatının təşkili və həyata keçirilməsində gənclər təşkilatlarının rolu” adlı görüş keçirilib. 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Məryəm Məcidova tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 30-da imzaladığı sərəncamla 2020-ci ili “Könüllülər ili” elan etməsinin  ARGTMŞ və ümumiyyətlə bütün  gənclər təşkilatları üçün könüllülük fəaliyyətinə istiqamətlənmiş daha çox layihələrin həyata keçirilməsinə şərait yaradacağını bildirdi.

O qeyd etdi ki, cənab Prezidentin bu sərəncamı ölkədə könüllülük fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir.

Daha sonra ARGTMŞ-nın layihələr üzrə katibi Azər Əliyev çıxış edərək ARGTMŞ-nın “Könüllülük ili” ilə əlaqədar nəzərdə tutulan gələcək fəaliyyət planı barədə iştirakçılara ətraflı məlumat verdi. 

Dünya Skaut Hərəkatı Təşkilatının Komitə üzvü, Azərbaycan Skautlar Assosiasiyasının nümayəndəsi İlyas İsmayıllı öz könüllülük təcrübəsini iştirakçılarla bölüşərək, könüllülüyün cəmiyyətə qatdığı töhfə haqqında məlumat verdi.

O qeyd etdi ki, könüllülük vacib sosial bacarıqları inkişaf etdirərək cəmiyyətin buna ehtiyacı olan üzvlərinə qayğı göstərmək və eyni zamanda, dəyərli iş təcrübəsi qazanmağın vacib bir yoludur.

Görüşdə bir çox mövzular, o cümlədən ARGTMŞ-nın könüllülük hərəkatı ilə əlaqədar fəaliyyət planının təqdimatı, gənclər təşkilatlarının 2020-ci ildə könüllülük hərəkatının təşkili və həyata keçirilməsində rolu və gənclər təşkilatlarının bu il üzrə fəaliyyət planlarında prioritet istiqamətlər müzakirə edildi.

Tədbirin sonunda gənclər təşkilatlarının “Könüllülər ili” ilə bağlı təklifləri dinlənildi.