Oğru olmayan ciddi müəllif, plagiat olmayan ciddi əsər yoxdur

21:20 16-01-2020 442

Aqşin Yenisey yazır...

Hər bir ciddi sənət əsəri hər dəfə orijinal olmağa cəhd göstərən gizli bir plagiatdır. Burada “plagiat” kəlməsini birbaşa lüğəti mənasında deyil, zaman keçdikcə ilkin mənasını itirmiş, hətta artıq ilkin mənasının antoniminə çevrilmiş bir kəlmə kimi anlamaq lazımdır.  

Ta Misirdən yunanlara, yunanlardan Avropa Renessansına qədər uzanan təsviri sənətin izlədiyi yola diqqətlə baxsaq yuxarıda yazdığım fikrə öz aramızda əl basıb and içə bilərik. Plagiat anlayışının sənət dünyasında mənfi mənada işlənməsi modernizmin yaranmasından, təbiət elmlərini ictimai elmlər əvəzlədikdən, insan kosmosda axtardığını tapmayıb öz içinə doğru üz tutduqdan, yəni romantizmin tüğyanından sonraya təsadüf edir. 

Mənim fikrimə görə isə, plagiat anlayışının sənətdə etik və hüquqi status qazanması patent hüququnun Qərb dünyasında aktuallaşmağa başlaması ilə bağlıdır. Bildiyimiz kimi, patent hüququ XVIII əsrin sonları, XIX əsrin əvvəllərində Qərb ölkələrində qüvvəyə minməyə başladı ki, bu da sənətdə romantizm düşüncəsinin “qan və göz yaşı tökdüyü” ən yaddaqalan dövr idi. Həmin ərəfədə bütün Qərb ədəbiyyatı, bir əlində tapança, bir əlində yaylıq öz “yasaq aşk”ı uğurunda intihar edən gənc Verterə yas saxlayırdı.  

Azərbaycan ədəbiyatındakı orijinallıq dərdi daha çox bu dərdə düşənlərin dünya sənət tarixindən xəbərsiz olmalarından irəli gəlir. Yaradıcı informasiyanı “birinci əldən”, yəni ilham pərisindən almaq şairin gizli peyğəmbərlik iddiasından xəbər verir ki, bu rolu da ona din biçib. Halbuki plagiatın ən mübahisəsiz nümunələri dini mətnlərdir. Məsələn, təxminən, üç min il əvvəl yəhudilər şumer mətnlərini (Nuhun gəmisi, insanın palçıqdan yaranması və s.) götürüb onlardan özləri üçün iudaizm inancı düzəltdilər. Sonrakı ardıcıllığı da hamı bilir.  

Hətta sənətdə “birinci əl” anlayışının dəbdə olduğu çağda belə sənət adamları göyə deyil, daha çox bir-birilərinin əlinə baxırdılar. Antik Misir rəsmləri, qədim yunan heykəlləri, bir az bəri gəlsək, kilsə ikonaları, sanki, eyni sənət adamının emalatxanasında hazırlanmışdı.
Patent anlayışının hüquqi olmaqla yanaşı, həm də etik status qazanmasından sonra sənət və sənətçilər də “orijinal” olmaq məcburiyyətində qaldılar və ortaya “müəllif üslubu” deyə bir anlayış çıxdı. Ancaq bu da plagiatın yolunu bağlaya bilmədi. Bu dəfə bir-birilərindən ilhamlananlar (oğurlayanlar) birləşib sənət cərəyanlarını yaratdılar. Eyni sənət cərəyanına mənsubluq, bir növ, icazəsi alınmış plagiat idi. Dindəki siğə anlayışı kimi.  

Sənətdə plagiat hadisəsi öz-özünə baş verən prosesdir, əgər yaradılan əsərin yolu birbaşa bazardan keçmirsə. Belə ki, yaradıcı insan özü kainatda deyil, kainatı içində həll edən, ərinmiş hala sala bilən adamdır. O, kainatı özündə əridib ondan xammal düzəldir və bu xammaldan yeni formalar və mənalar yaradıb yenidən kainata ötürür. Ona görə də hər bir yaradıcı şəxs istəməsə belə, özündə maqmalaşdırdığı kainatın içində özünəqədərki sənət əsərlərini də əritməyə məhkumdur və bu ərinmiş sənət əsərlərinə xas olan əlamətlər yeni yaradılan əsərlərdə də bu və ya digər forma və məzmunda üzə çıxır. İlk rəssam təbiəti içində əridən şəxs idi; o ovladığı bizonun yalnız ətini mədəsində əritmirdi, eyni zamanda bizonun mahiyyətini də təbiətin bir parçası kimi özününküləşdirirdi və gecənin bir aləmi təbiət ondan öz övladını, ən azı, onun bir nişanını, xatirəsini geri istəyirdi. İlk rəssam balasını yediyi ana təbiətin zəhrimar yağan sir-sifətini yuxuda görüb böyük bir həyəcan içində ayağa qalxır, özünüküləşdirdiyi bizonun şəklini qayaya çızırdı, “udduğunu geri qusurdu”, təbiətdən aldığını ona geri qaytarırdı, amma başqa formada, başqa məzmunda. 

Əslində, insan təbiəti sənətin gözü ilə tanıyıb desəm, çox da ağ etmiş olmaram. Hətta fotoaparatın kəşfindən sonra da biz təbiətə bir rəssamın gözü ilə deyil, başqa bir sənətçinin, fotoqrafçının gözü ilə baxmaqdan zövq almağa başladıq. 

Təbiətdən uzaqlaşdıqdan sonra onun yerini sənətin özü tutdu. Məsələn, Pol Sezanın “Böyük hamam” əsəri ilə tanış olan Pikasso günlərlə bu əsərin təssüratını öz içində əritdi və günlərin birində özünün “Avinyonlu qızlar” tablosunu yaratdı. Avinyon fahişəxanasındakı Pikassonun “qızları” rəssamın içində kainatla birgə həll olmuş Sezanın “Böyük hamam”ında çimən qadınları idi. 

Sənət özünü yaşatmaq üçün “oğurlamalıdır”. Eynən insan kimi sənət də çox vaxt ehtiyacdan “oğurlamağa” məhkumdur, amma bəzən də bu, sadəcə, əl vərdişinə çevirilir. Həyatda olduğu kimi sənətdə də cəzalandırılanlar oğurlayarkən hadisə yerində “iz buraxanlardır”.   
Sənətdə təsirlənmək “oğurluğa” psixoloji hazırlıq mərhələsidir. Heç bir ciddi sənət adamı təsirlənmədiyi əsərdən, ya da müəllifdən heç vaxt heç nə “oğurlamır”. “Oğurlamaq” üçün öncə təsirlənmək lazımdır. “Qarət edəcəyin” ünvanı dəfələrlə gözdən keçirməlisən, izləməyi, güdməyi, ən münasib zamanda hərəkətə keçməyi bacarmalısan. 

Yaradıcılıq dediyin müdhiş bir oğurluq prosesidir. 

Sənətdə “hallalıq” kallıq əlamətidir. Hətta Nyuton kimi orijinal, halal bir dahi də özündən əvvəlkilərdən “çırpışdırdıqlarına” bu şəkildə minnətdar olduğunu deyirdi: “Əgər daha çox qabağı görə bilirəmsə, bunun səbəbi keçmişdə var olan nəhənglərin çiyinlərində oturmağımdır”. Sənətdə heç vaxt “oğurlamadığı” ilə qürur duymaq eqosit maymaqlıqdır. Nyutonun “oğurladığı” dünyada Allahverdinin halallığı, sadəcə, gülməli əhvalatdı. Böyük sənət adamları təsirləndikləri, gizli şəkildə “oğurladıqları” sələflərinin adlarını nəinki ört-basdır ediblər, hətta onlardan təsirləndiklərini (ourladıqlarını) böyük fəxrlə boyunlarına alıblar. Renessans dahisi Mikelancelonun uzun illər özündən əvvəlki rəssamlar Mazaççonun və Cottonun əsərlərini araşdırdığı bu gün də sənət tarixindən xəbəri olanlar üçün aşkar bir ustalıq nümunəsidir.
Sənət əsərlərinin bu cür gizli plagiat yoluya artıb-törəməsini, həyatda qalmasını insan bədənində nəzarətsiz şəkildə bölünərək çoxalan xərçəng hüceyrələrinə bənzətmək olar. Sezani bölünərək Pikassonu yaradır, Mazaçço parçalanaraq (Mikelancelo onun tablolarını hissə-hissə yenidən çəkirdi) Mikelanceloya çevrilir. Yaxud Gertsenin memuarında Moskva yanğınlarındakı Napoleon işğalının ölü siçovulları Kamyunun “Taun”unda yenidən ortaya çıxaraq bu dəfə faşizm işğalını rəmzləşdirirlər və s.   

Sənətlə yanaşı, elmdə, texnologiyada da plagiat yazılmamış qanun kimi daha effektiv, sivil nəticələrin əldə olunmasına xidmət edir. Birinci Dünya Müharibəsində əsgərlərin yanan, parçalanan sifətlərini bərpa etmək məqsədi ilə doktor Harold Gillis tərəfindən yaradılan plastik cərrahiyə metodu əldən-ələ keçərək bu gün zəngin adamların üzdən gözəlləşməsinə xidmət edən anatomik bir dekorasiya sənətinə çevrilib.  

Bütün bunları yazmaqda məqsədim oğurluğa haqq qazandırmaq deyil. Sadəcə, demək istəyirdim ki, plagiat, müəllifi sənət tarixinə, cəmiyyəti sivilizasiyaya bağlayan bağlardan biridir. Söhbət insanlığın yaratdığı mənəvi, intellektual sərmayədən yararlanıb ona xeyir verməkdən gedir. Unutmayaq ki, o vaxt yunan tanrısı Prometey odu oğurlayıb bizə gətirməsəydi, indi soyuqdan tük kimi titrəyərdik göydələn mağaralarımızda. Yox, bu dəfə deməyəcəyəm ki, insan oğurlamağı tanrılardan öyrənib!