“Azərişıq” Lənkəran aeroportuna iki xətt çəkib - FOTO

15:09 07-07-2019 919

“Azərişıq” ASC-nin təşkil etdiyi media-turun ikinci günündə jurnalistlər qurumun “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində olan Lənkəran rayonu üzrə abunəçilərin elektrik enerjisi ilə təchizatı ilə maraqlanıblar.

HerGun.Az xəbər verir ki, jurnalistlərə son illər bölgədə həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib.

Rayon ərazisində tikilən 110/35/10 kVt-luq “Lənkəran 2” yarımstansiyası haqqında məlumat verən “Azərişığ” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) balans uçotu şöbəsinin rəisi Anar Mirzəyev deyib ki, hazırda həmin stansiya Lənkəran Beynəlxalq Aeroportunu da elektrik enerjisi ilə təchiz edir. Yarımstansiyanın ötən il istifadəyə verildiyini xatırladan A. Mirzəyev bildirib ki, hazırda bu stansiya 21 750 abunəçini elektrik enerjisi ilə təchiz edir: 

“Onların 19 mini əhali, 1750-i isə qeyri-əhali qrupuna aiddir. Amma bütövlükdə yarımstansiya 25-30 min abunəçiyə xidmət göstərmək iqtidarındadır. Yarımstansiya hərəsinin gücü 25 mVt olan iki transformatordan ibarətdir və ondan 9-u əhali, 9-u isə sərbəst xətt olmaqla, 18 xətt çıxır”.

A. Mirzəyev bildirib ki, ən iri sərbəst xətt üzərində Lənkəran Beynəlxalq Aeroportu yerləşir:

“Aeroport hər iki tərəfdən gərginliklə təmin edilib. Onlardan biri əsas xətt, digəri isə ehtiyat xətdir. Bu yarımstansiyadan Lənkəran şəhəri və 5 kənd elektrik enerjisi ilə təmin edilir”.

Xatırladaq ki, cənub bölgəsinin rayonlarına təşkil edilən media-tur Azərbaycanda paylayıcı elektrik şəbəkələrinin yaranmasının 90 illiyi münasibəti ilə “Azərenerji” və “Azərişıq” ASC-lərin başladığı kampaniya çərçivəsində reallaşdırılıb. İlin sonuna qədər digər regionlara da belə səfərlərin təşkili planlaşdırılır.

Könül Cəfərli