Qaqa, sürək?

12:40 24-01-2020 375

Kubra Məhərrəmova yazır...

Bakıda avtomobil idarə etmək üçün ya gərək çox möhkəm əsəblərin olsun, ya həddindən artıq möhkəm əsəblərin olsun, ya da gərək sehirli telefon nömrəsini biləsən. Başqa şey düşünməyin, 102 nömrəsini deyirəm. Hər hansı qanun pozuntusunu görən kimi zəng edirsən, gəlirlər, protokol yazırlar və qanunla cəza kəsirlər. Buna bir quş, bunu bildik. 

Bilmədiyimiz isə odur ki, Bakı yollarında hərəkət etmək elan olunmamış müharibədə iştirak etmək kimi bir şeydir. Kim kimi sıxdı, kim kimi vurdu, kim kimi söydü, bıçaqladı, xəstəxanalıq etdi, qətlə yetirdi, öldürdü...

Bildiyiniz minalanmış sahə. Hər an qarşınıza “kamikadze” çıxa bilər ki, bu da siz və yol-nəqliyyat iştirakçıları üçün ən pis sonluqla bitə bilər. Bizim yollarda isə, həqiqətən, it yiyəsini tanımır. Ona görə tanımır ki, hər ağıldankəm, tərbiyəsiz, ana-bacı tanımayan, harın, qudurmuş biri sükan arxasında rahatca otura bilir. Oturur və istədiyini edir. Bahalı avtomobil sürənlərin əksəriyyəti özünü “Yollar Kralı” hesab edir. Onu görən bütün avtomobillər divara çıxmalı, “yekə maşına” yol verməlidirlər. 

Yolun bağlı olması “yekə maşını” əsəbiləşdirir və başlayır oyun çıxarmağa. Görünən isə odur ki, “Yol tanrısı” da bu axmaqlara, qudurmuşlara hamilik edir. Heç eşitmədik bunlardan kimsə gorbagor olsun. Elə yazıq insanlar tələf olur yollarda. Bir də süpürgəçi qarılar. 

Bu pullusu, bunu bildik. Bir də var acından ölən sürücü. Di gəl ki, deyir, “Bakıda mənəm, Bağdadda ərəb şeyxi”. Haradan gəldi sürür, harada gəldi saxlayır. Birinin avtomobilini də vuranda deyir, “vur öldür, pulum yoxdur, neyləyəcəksən?” 

Bir tip də var ki, onlar üçün yol adrenalindir. Babat maşın görən kimi “Qaqa, sürək?!” deyənlər var ki, onların hansı beyindən istifadə etdikləri hələ heç bir elmə məlum deyil. Yəqin, beyindəki boz maye yerinə neft axır onlarda. 

Bir də var sürücülük vəsiqəsi olmadan avtomobil idarə edənlər. “Ay brat, mən səkkiz yaşımdan sürürəm, prava nədir?” deyənlər. Qeyd edim ki, bu gün bizdə vəsiqə olmadan maşın sürməyin cəriməsi 100 manat, eyni əməl təkrar törədildikdə isə 200 manatdır. Heç nə. 

Bir də var silikonlu xalalar. Sükan arxasında silikon dodaqlarından başqa heç nəyi görmür. İndi, Allah tərəfi, deyək, qaynaq kipriklər də mane olur da xanıma. Günah onda deyil ki! Bir əli elə telefonda, video çəkməklə məşğul olur. Kefinə düşən sürətdə hərəkət edə bilər. İstəyər 60, istəyər 160-la. Onların fikrincə, yan güzgüləri bəzək üçün qoyublar, əsas güzgü isə dodaq boyası çəkmək üçündür. 

Yol-nəqliyyat iştirakçılarının “sənə maşın alanın” müraciətini eşidəndə bu “gözəllərin” xətrinə dəyir. Çox aqressivləşir, hirslənirlər. Əlinə keçəni kiminsə başına vızıldada bilər. Ehtiyatlı olun. 

Bir də var piyada terrorçular. Bakının behini verib piyadalar üçün ayrılan “zebradan” keçənlər. Ağıranə, addım-addım, ağayana kişilər. Moda nümayişinə çıxan xanımlar. Uşağın əlindən tutub sürüyən analar. İşıqforun işıqlarına məhəl qoymayıb harada gəldi, necə gəldi yol keçənlər. 150 km sürəti olan magistral yollarda dovşan kimi atlanıb keçənlər. Yeraltı keçidin beş metrliyində olub yolun üstünən qaçanlar. Özünü yalandan avtomobillərin altına atanlar. Say-sadala bitməz. Bu da bizik, özümüz. Xaricdən gətirməyiblər ki? Sonra da düşürlər avtomobil təkərinin altına. Həm özlərini, həm də sürücünü bədbəxt edirlər. 

Statistika 

Respublikanın avtomobil parkında nəqliyyat vasitələrinin sayı 1 milyon 359 min 919 olub. Ancaq rəsmi statistikaların Bakının real əhali və avtomobil sayını əks etdirdiyi şübhəlidir. 

Yolda ölənlər

2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında yol-nəqliyyat hadisəsi zamanı zərərçəkənlərin sayı 1735 nəfər olub. Onlardan 557-si ölüb, 1178-i isə yaralanıb. 

Yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin 79 faizini, yaralananların isə 74,2 faizini kişilər təşkil edib.

Bu, qeydə alınmış məlumatlardır. Maraqlısı isə odur ki, yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin əksəriyyətini kişilər təşkil edir. Deyəndə ki bizim yollar “müharibədir”, inanmırsınız. Kişilər bir ucdan qırılır. Hə, yola çıxanda dəmir dəbilqədən-filandan geyinin. 

Sürücülük vəsiqəsini kimlər ala bilməz? 

Sürücülük vəsiqəsi əldə etmək üçün vətəndaşlar həkim psixiatr, nevropatoloq, lor, okulist, cərrah, ginekoloq, terapevt yoxlanışından keçməlidir. Həmçinin, narkoloji dispanserdə yoxlanmalı, qandan şəkər xəstəliyi ilə bağlı analiz verməli, kardioqram etdirməli və döş qəfəsinin rentgenindən keçməlidir. Maşallah, gör nə qədər sağlam vətəndaşımız var. Hamısı da sükan arxasında. 

Nə qədər danışsaq, nə qədər desək də, yollarda vəziyyət dəyişmir ki, dəyişmir. Hər gün kimsə sürətə görə həyatını dəyişir, əlil olur, xəsarət alır. Amma heç kim bundan nəticə çıxarmır. Yalandan kəməri üstünə sərib DYP əməkdaşı görən kimi bir göz qırpımında sinəsinə keçirir.

Anlamır ki, ilk növbədə özünü təhlükəyə atır. Vallah, dünyanın ağlı qaçmayıb ki, təhlükəsizlik qaydalarını tətbiq edir. Amma bizimkilər hamıdan ağıllıdır. Təki cərimə balı olmasın. Geridə qalan vacib deyil.