Parisdə ərəblərin həbs olunduğu, Pyer de Kubertenin adına olan stadiondan FOTOREPORTAJ

18:40 26-01-2020 411

24-26 yanvar tarixlərində Fransanın paytaxtı Parisdə Olimpiadaya lisenziya xalı verən ilin ilk Premyer Liqa yarışı (il ərzində altı Premyer Liqa yarışı olur) keçirilir.  

HerGun.Az xəbər verir ki, yarış Beynəlxalq Olimpiya Komitəsinin təsisçisi, bu qurumun ikinci prezidenti, müasir Olimpiya Oyunlarının atası kimi tanınan, fransız pedaqoqu və tarixçisi Pyer de Kubertenin adına olan stadionda (nədənsə fransızlar bu arenanı “stadion” adlandırır) keçirilir.  

Arenanın tamaşaçı tutumu təxminən 4 min yerdir. 1937-ci ildə açılan arena 1946 və sonuncu dəfə 1990-cı ildə yenilənib.  

Arena universal olması ilə seçilir. Fransanın məşhur PSJ klubunun həndbol komandası ev oyunlarını məhz burada keçirir. Bundan başqa, burada basketbol, qılıncoynatma, qadınlar üzrə tennis turniri və badminton yarışları keçirilib.  

2024-cü il Yay Olimpiya Oyunlarında stolüstü tennis yarışları məhz bu arenada baş tutacaq.  

Həmçinin 8-10 may tarixlərində burada karatenin Olimpiya lisenziya yarışı keçiriləcək. Məhz burada hər çəki dərəcəsi üzrə Olimpiadaya vəsiqə qazanan üç idmançının adına aydınlıq gələcək.  

Maraqlı fakt isə bundan ibarətdir ki, 1954-1962-ci illərdə Fransanın müstəmləkəsi olmuş Əlcəzairlə müharibə zamanı bu arenadan saxlanma mərkəzi kimi istifadə olunub. Belə ki, 1961-ci ilin 17 oktyabrında Parisdə Əlcəzairlilərin Milli Azadlıq Cəbhəsinin 30 min üzvü nümayiş keçirib. Həmin zaman Paris və Fransa Milli Polisi nümayişçilərə hücum edərək onları amansızcasına qətlə yetirib (məhz bu üzdən həmin hadisə “Paris soyqırımı” adlanır). Bəzi nümayişçilər isə Versal İdman Sarayı və Pyer de Kuberten Stadionuna salınaraq həbs edilib. Tutulanlar arasında təkcə əlcəzairlilər yox, Mərakeş və Tunisdən olan immiqrantlar da olub.  

Yeri gəlmişkən, Fransa hökuməti rəsmi olaraq yalnız 1998-ci ildə bu münaqişənin nəticəsi olaraq 40 nəfərin öldüyünü təsdiqləyib. Lakin təxminlərə görə, ölən ərəblərin sayı 200-dən çox olub. Biz isə karate yarışları zamanı görüntüyə aldığımız maraqlı kadrları təqdim edirik:  

Səbuhi Musayev