Avropa Liqası: “Neftçi”nin 5, “Səbail”in 6 mümkün rəqibi müəyyənləşib

02:00 18-06-2019 568

Avropa Liqasında  I təsnifat mərhələsinin püşkatması ərəfəsində iştirakçılar qruplara bölünüb.

 UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçiriləcək tədbirdə komandalar 9 qrupda yer alacaq.

Bunlardan yeddisinə 10, ikisinə 12 komanda daxil edilib. İyunun 18-də Bakı vaxtı ilə saat 17:30-da başlayacaq tədbirdə iştirak edəcək iki Azərbaycan klubunun potensial rəqiblərinin də sayı azalıb.

V qrupun səpələnmişlərindən olan “Neftçi”nin 5 mümkün rəqibi var. Bunlar “Hibernian” (Malta), “Rujomberok” (Slovakiya), “Akademiya Pandev” (Şimali Makedoniya), “Zeta” (Monteneqro) və “Speranta” (Moldova) klublarıdır.

“Səbail” isə 12 komandalı IX qrupa düşüb. Paytaxt təmsilçisinin mümkün rəqibləri “Petrokub” (Moldova), “Trans” (Estoniya), “Baltsan” (Malta), “Şkupi” (Şimali Makedoniya), “Universitatya” (Rumıniya) və “Laçi” (Albaniya) komandalarıdır.

Qeyd edək ki, Avropa Liqasında ilkin mərhələ iyunun 27-də və iyulun 4-də, I təsnifat mərhələsi iyulun 11-də və 18-də baş tutacaq.