Deputat: Şəkinin UNESCO-nun siyahısına salınması Mehriban Əliyevanın fəaliyyətinin uğurudur

16:45 08-07-2019 862

Şəkinin tarixi hissəsinin UNESCO-nun siyahısına salınması Birinci vitse-prezident Mehriban Əliyevanın yorulmaz fəaliyyətinin uğurudur.

Bu fikirləri HerGun.Az-a açıqlamasında millət vəkili, tarixçi Musa Qasımlı Şəki şəhərinin tarixi hissəsinin və Şəki Xan Sarayının Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı qərarı şərh edərkən deyib.

M.Quliyev bildirib ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin sessiya iclasının Bakıda keçirilməsi Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dövlətinə etimadın göstəricisidir, beynəlxalq dairələrdə dövlətimizin və millətimizin gələcəyinə olan inamı özündə əks etdirir. 

Tarixçi vurğulayıb ki, Şəkinin tarixi hissəsinin Şəki Xan Sarayı ilə birgə Ümumdünya İrs Siyahısına daxil edilməsi ictimai-mədəni həyatımızda mühüm hadisələrdən biridir:

“Hər şeydən əvvəl bu, Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yorulmaz fəaliyyətinin və Azərbaycan mədəniyyət diplomatiyasının nəticəsi, uğurudur. 

Bu hadisə onu göstərir ki, həmin tarixi abidələr Azərbaycan xalqı tərəfindən yaradılsa da, artıq bütün dünyanın sərvətidir, Azərbaycan xalqı dünya mədəniyyəti yaradan xalqdır. Təbii ki, dünyada bütün xalqların mədəniyyəti var, ancaq dünya mədəniyyətini hər bir xalq yarada bilməz. Dünya mədəniyyəti yaradan xalqa ziyan dəyərsə, bütün dünya mədəniyyəti zərər görər”.

Xatırladaq ki, iyulun 7-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Şəki şəhərinin tarixi hissəsinin və Şəki Xan Sarayının Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı qərar qəbul edilib.

Samir İsayev