“Formula 1”in görünməyən qüvvəsi: Marşallar - YAZI

23:40 31-01-2020 442

“Formula 1” dünyanın ən sevilən avtomobil idman növlərindən biridir. Milyonlarla azarkeş hər həftə sonları keçirilən bu yarışdakı gərginliyi öz gözləri ilə görmək istəyir. Sürətsevərlərin çoxu məhz bu adrenalin dolu anları yaşamaqdan ötrü hər şeyini qurban verməyə hazır olur. Təbii ki, sürətsevərlərin çoxu həm də bu anları daha yaxından görmək üçün işin birbaşa episentrində olmağa üstünlük verir. Bu insanlar kimlərdir?

HerGun.Az hadisələrin axarını yaxından izləyən, ancaq yarışlar zamanı bəlkə də çoxlarının bilmədiyi, görmədiyi pərdəarxası insanlardan – marşallardan bəhs edəcək.

Marşal institutu necə yarandı?

Öncə qeyd edək ki, marşal könüllülük institutunun bir hissəsidir. Bu sahədə fəaliyyət göstərən insanlar heç bir maaş almır, tam öz istəkləri və hobbiləri əsasında marşal olmağa qərar verir. “Marşal” adlandırılmaları da “etibarlı insan”, “təmənnasız kömək edən” anlamına gəlir.

“Formula 1” 50-ci illərdə gümüş dövrünü yaşayarkən pilotlara tablolar vasitəsilə məlumatları çatdırmaq lazım gəlirdi. “Mercedes-Benz” komandasının 1926-cı ildən 1955-ci ilədək rəhbəri olmuş Alfred Noybauer bu tabloları tutmaq üçün öz işçilərinin xidmətindən istifadə etməyə başlamışdı.

Daha sonra müxtəlif məna verən bayraqların yellədilməsi üçün insanlara ehtiyac yarandı. Beləcə, marşallıq fəaliyyəti tədricən formalaşmağa başladı. Zaman-zaman qəzalar baş verdikcə, marşalların təhlükəsizliyi məsələsi də gündəmə gəldi. Marşal institutu artıq elə bir hala gəlib çıxdı ki, onlarsız “Formula 1” yarışını keçirmək mümkün deyil. Bir sözlə, əslində marşalların yaranması daha çox “Formula 1”lə bağlıdır, desək, yanılmarıq. 

Artıq Qran Pri keçirən hər bir təşkilatçı ölkə və ya şirkət bunun üçün Marşal Klubu təsis edir. Məsələn, ilk dəfə qonşu Rusiyanın Soçi şəhərində Qran Pri keçirilməsinə qərar veriləndə artıq bir il əvvəl – 2013-cü ildə marşallara dair klubun da yaradılacağı bəlli idi.

Azərbaycan isə ilk dəfə 2016-cı ildə bu yarışı keçirəndə də belə bir klubun yaradılmasına ehtiyac vardı. Artıq 2015-ci ildə Azərbaycanın marşal olmağa ilk 100 namizədi Bəhreynlə təcrübə mübadiləsi proqramı olan “Six hours of Bahrain” proqramı çərçivəsində ordakı yarışlardan birini izləməyə yollandı. 2016-cı ilin 16 fevralında Bakı Şəhər Halqası Əməliyyat Komitəsi tərəfindən Baku Marshals Club (Bakı Marşallar Klubu) yaradıldı. Həmin marşalların bəziləri Bakıda ilk dəfə keçirilən Avropa Qran Prisində iş başında oldu. Hazırda sözügedən klubun 1900 azərbaycanlı üzvü var.

Marşallar kimlər ola bilər?

“Baku Marshals Club”un rəhbər marşallarından biri olan Kamal Əliyarzadə ilk gündən bu klubda yer alır. Onun sözlərinə görə, avtoidman yarışları üzrə böyük təcrübəsi olan Bəhreyndə təlimlər keçməsi onlara çox böyük kömək olub. Müsahibimiz marşalların seçim prosesindən, hansı kateqoriyaya bölünməsindən, təlim prosesindən bizə danışacaq: 

“Yaşı 21-dən yuxarı olan hər bir şəxs marşal ola bilər. Burda tələblər diqqətli, çevik olmaq və qəza zamanı vaxtında düzgün qərar qəbul etmək bacarığının olmasıdır. Çünki marşallar qərar qəbul edərkən iki-üç saniyə söhbəti olur. Bu, televiziyadan görünən kimi asan iş deyil. Qəzalar zamanı marşalların gördükləri iş olduqca çətin prosesdir.

Avropa Oyunları Parkında Baku Marshals Club-ın öz mərkəzi var. Həmin mərkəzdə simulyasiya treki fəaliyyət göstərir. Orda marşallar üçün nəzəri təlimlərdən sonra praktiki təlimlər keçirilir. Qəza zamanı imitasiya olunmuş “Formula 1” maşınlarının necə qaldırılması öyrədilir, yeni marşallara göstərişlər verilir. Klubumuzun rəhbəri Çingiz Mehdiyev şəxsən özü bütün təlimlərdə iştirak edir. Bu praktiki təlimlər zamanı özünü göstərə bilərək marşal adına yiyələnən şəxslərin yarış zamanı səhvlər etməsi, demək olar ki, sıfıra bərabərdir. Bizdə həm də rezerv marşallar olur. Əgər yarış öncəsi marşallardan hansısa müəyyən səbəblərdən işini icra edə bilmirsə, ehtiyatda olan marşallara bu barədə xəbər verilir”.

Marşallara Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən lisenziya verilir. Onlar bunun əsasında ölkə hüdudundan kənarda keçirilən xarici yarışlarda marşal qismində iştirak etmək hüququna yiyələnir. FIA-ya Qran Prinin təşkilatçısı tərəfindən nə qədər marşalın istifadə olunacağı say bildirilir. Təxminən hər Azərbaycan Qran Prisində 1200-ə yaxın marşaldan istifadə olunur. Yarışlar zamanı gender bərabərliyi mümkün qədər qorunur.

Elə 2016-cı il Bakıdakı Avropa Qran Prisi zamanı da iş başında 1200-ə yaxın marşal olub. Azərbaycan hələ onda bu yarışı ilk dəfə keçirdiyindən, tam təbii olaraq bunların əksəri əcnəbi idi. İndi isə Azərbaycan Qran Prisi üçün cəmi 100 xarici marşalın köməyindən istifadə kifayət edir. Çünki Baku Marshals Club artıq özünün yerli qüvvəsini yetişdirməyi bacarıb.

“Biz bu təlimlər zamanı “Team work”, yəni komanda işindən istifadə edirik. İstər-istəməz bizim təlimlər gənclərin gələcək fəaliyyəti üçün də böyük rol oynayır. Onlar gələcək karyeralarında böyük rol oynayacaq kollektiv iş bacarıqlarına yiyələnirlər”, – deyə müsahibimiz bildirir.

Qeyd etdiyimiz kimi, Baku Marshals Club-ın 1900 üzvü var. Hər ilin sonlarında isə Bakı Şəhər Halqası marşal qeydiyyatı üçün media vasitəsilə elan verir. Klubun rəhbəri Çingiz Mehdiyevin sözlərinə görə, 2018-ci ildə 1603 nəfər marşal olmaq üçün qeydiyyata yazılıbsa, ötən il bu rəqəm 2445 nəfər təşkil edib. Yəni, marşal olmaq istəyənlərin sayı hər il artan istiqamətdə getməkdədir.

Sual ola bilər. Bəs 1900 üzv olduğu halda, hər yarış öncəsi yeni marşalların axtarışına nə ehtiyac var? Məsələ burasındadır ki, ali təhsilli oğlanların hərbi xidmət məsələləri, qızların ailə qurması səbəblərindən onların bəziləri “Formula 1” həyatından çəkilməli olur. Belədə, onların kluba üzvlüyü dayandırılmamaq şərti ilə yeni marşalların axtarışına ehtiyac duyulur. Əslində isə Baku Marshals Club-a üzv olan keçmiş marşalların 70 faizindən yenidən istifadə olunur. Qalan 30 faiz yer isə yeni marşallar vasitəsilə doldurulur.

Marşalların növləri

Marşallar yerinə yetirdikləri müxtəlif vəzifələrə əsasən növlərə bölünürlər. 13 növ marşal fəaliyyət göstərir. Həmin növ marşallar bunlardır:

Sektor Marşalı
• Trek xəyali olaraq “sektorlara” bölünür və hər bir sektora nəzarət bir Sektor Marşalı və onun bir və yaxud iki müavininə tapşırılır. Sektor Marşalları trek üzrə təyin olunduqları sahədə əsas səlahiyyətli nümayəndə hesab olunur və Sektorda baş verən bütün işlərə görə məsuliyyət daşıyırlar.

Trek Marşalı
• Trek Marşalları halqa boyunca nəzarət postlarında yer alan əsas marşallardır. Onların bir çox vəzifələri var. Trek marşalları rəsmilər arasında ən çox məsuliyyət daşıyan şəxslərdir. Trek Marşalı olmaq üçün zirəklik, komandada işləmək qabiliyyəti, dözümlülük və təcrübə tələb olunur.

Bayraq Marşalı
• FIA qaydalarına əsasən, Bayraq Marşalları trek boyunca Marşal Məntəqələrində Yarış iştirakçılarını bayraq vasitəsilə məlumatlandıran məsul şəxslərdir. Onların başlıca vəzifələri sürücülərlə bayraqlar vasitəsilə əlaqə quraraq, onları qarşıda olan təhlükə barəsində məlumatlandırmaq; qəza anında öz mövqeyində qalaraq yolda baş vermiş təhlükə barədə xəbərdar etməklə digər Marşalların təhlükəsizliklərini təmin etməkdir.

Rəqəmsal Bayraq Marşalı
• Rəqəmsal Bayraq Marşalları halqa boyu müvafiq mövqelərdə yerləşdirilib, digər Bayraq Marşallarının gördüyü işi görürlər, yeganə fərq odur ki, onlar bayraq əvəzinə displeydən istifadə edirlər.

Start və Finiş Marşalı
• Start və finiş marşalları yarışı başlamaq və bitirmək üçün damalı bayraqlardan, elektron vaxt tablolarından və digər vasitələrdən istifadə edirlər. Onlar start/finiş xəttində müxtəlif bayraqları (qara bayraq, mexaniki bayraq və s.) göstərməyə görə cavabdehlik daşıyırlar.

Yanğınsöndürən və Xilasetmə Marşalı
• Xüsusi təlim görmüş Yanğınsöndürən və Xilasetmə marşalları motor idmanına aid olan sahələrdə və ya mülki sahədə yanğınsöndürmə üzrə geniş təcrübə əldə edirlər. Onlar tədbir zamanı bütün yanğın və xilasetmə işlərinə görə cavabdehlik daşıyırlar.

Tibb Marşalı
• Bu xidmətə həkim heyəti (həkimlər, orta təhsilli tibb işçiləri, tibb bacıları və s.), avadanlıq və nəqliyyat vasitələri trekdə təxirəsalınmaz kömək, yaralıların daşınması, Tibbi Mərkəz, kommunikasiya, əvvəldən təyin olunmuş xüsusi xəstəxanalar daxildir.

Texniki Təftiş Marşalı
• Bu təftiş marşalları gündəlik olaraq hər bir avtomobili, o cümlədən qəzaya uğramış avtomobilləri təftiş edərək təhlükəsizlik və uyğunluq tələblərinə cavab verdiyini müəyyən edir. Bu növ marşallar xarici komanda mühəndisləri ilə ünsiyyətdə olduğundan, ingiliscə bilmələri vacibdir.

Bərpa üzrə Marşal
• Bu qrupa evakuator avtomobillərinin heyəti və önların köməkçiləri daxildir. Onların vəzifəsi tədbir zamanı və tədbirdən sonra sıradan çıxmış və hərəkətsiz qalmış avtomobilləri trekdən uzaqlaşdırmaqdır.

Kommunikasiya üzrə Marşal (və ya Müşahidəçilər)
• Bu Marşallar Rabitəçi və ya Müşahidəçilər kimi tanınır. Onlar hər bir marşal postuna təyin edilir, baş verənləri müşahidə edib, Yarışa Nəzarət otağına xüsusi audio rabitə kanalları vasitəsilə məlumat ötürürlər.

Hüdudlar üzrə Marşal
• Hüdudlar üzrə marşalların əsas vəzifəsi halqa boyu çətin vəziyyətdə qalmış sürücülərə kömək etmək və onları yubanmadan pitlərə aparmaqdır.

Pit və Sıra Düzülüşü Marşalı
• Bu marşallar hər bir tədbirdən əvvəl start düzülüşünü qururlar. Onların vəzifələrindən biri tədbir zamanı pit xəttindəki nəqliyyat vasitələrini və insanları yönləndirməkdir. Bu marşallar baş geyimi geyinə və ya eynək taxa bilməzlər. Eyni zamanda, onların ciblərində trekə düşə biləcək heç bir əşya olmamalıdır. Bu komandalara rəhbər yarışın yüksək rəsmisi tərəfindən bilavasitə təyin olunmadıqda rəhbərliyə qərarverici səlahiyyətə malik namizəd irəli sürülməlidir.

Logistika və Marşalların Təchizatı ilə məşğul olan Marşallar
• Tədbir zamanı digər marşalların məişət təchizatına nəzarət edən marşallar var. Onların vəzifəsi digər marşalları tədbirdən əvvəl və tədbir zamanı yemək, su, avadanlıq, dəftərxana məhsulları, radio qurğuları və geyimlə təmin etməkdir.

Xarici marşalların Azərbaycandakı xərcləri kim tərəfindən qarşılanır?

Azərbaycandakı yarışda marşal kimi qeydiyyatdan keçmək istəyənlər arasında Rusiya, Böyük Britaniya, İtaliya, Almaniya, Yaponiya kimi ölkələrdən müraciətlər olur. Təbii ki, yalnız 100 əcnəbi marşala Azərbaycandakı Qran Pridə iştirak etməyə icazə verilir. Çünki Baku Marshals Club daha çox yerli marşalların xidmətindən istifadədə maraqlıdır.

Həmin əcnəbi marşallar Azərbaycana səfər xərclərini özləri qarşılayır. Onların məskunlaşması yerli marşallarınkından heç nə ilə fərqlənmir. Belə ki, onlar bir həftə ərzində Atletlər Kəndində qalırlar. Həmçinin əcnəbi marşalların qidalanması, zəruri forma və geyim vasitələri ilə təmin olunması Bakı Şəhər Halqası tərəfindən həyata keçirilir.

Marşalların təhlükəsizliyi məsələsi

Hər yarış zamanı bolidlərin beton maneələrə çırpılması və ya digər rəqiblərin maşınlarına toxunması halları baş verir. Bu qəzalar zamanı marşalların təhlükəsizliyi də ön planda olur. Təəssüf ki, dünya praktikasında marşalların ölümü hallarına da rast gəlinib. 

2000-ci il Montsada keçirilən İtaliya Qran Prisi zamanı Yanğınsöndürən və Xilasetmə Marşalı Paolo Qislimberti Haynts-Harald Frentsenin “Jordan” bolidinin qəzaya uğraması zamanı başından və sinəsindən aldığı zərbə ilə dünyasını dəyişib.

2001-ci ildə Melburnda keçirilmiş Avstraliya Qran Prisi zamanı digər marşal Qrem Beveric Jak Vilnövün BAR-Honda bolidinin uçan təkərindən dəyən zərbə ilə dünyasını dəyişib.

2013-cü ildə Kanada Qran Prisi zamanı isə Esteban Qutyeresin “Sauber”ini evakuatorla qaldırılmasına kömək edən trek marşalı zədə alıb. O, radiodinləyicisi yerə düşdüyü üçün əyilib və həmin an ağır xəsarət alıb. Onu helikopterlə xəstəxanaya aparsalar da, Monrealdakı yarış bitdikdən dörd saat sonra onun öldüyü bildirilib. Həmin marşal Notr Dam Avtomobil Klubunun üzvü olub.  

Sevindirici haldır ki, Bakıda keçirilmiş dörd Qran Pri zamanı marşalların ölümü halı qeydə alınmayıb. Ancaq hər hansısa xoşagəlməz hal baş versə, ilkin tibbi yardım göstərilib. Məsələn, ötən il Bakıda “Formula 2” yarışı zamanı pilot Şon Qlaelin bolidinə yardım edərkən iki marşal yaralanıb. Lakin ilkin tibbi yardım vasitəsilə həmin marşalların sağlamlıq durumu qaydasına gətirilib.

Bu il “Formula 1” yarışı 5-7 iyun tarixlərində keçiriləcək. Həm “Formula 1”, həm də “Formula 2” yarışında iştirak etmək üçün dekabrın 15-dən yeni marşalların müraciəti prosesinə start verilib. 100 xarici marşal olmaqla, ümumilikdə 1300-ə yaxın marşalın cəlb olunması nəzərdə tutulub. Baku Marshals Club-ın rəhbəri Çingiz Mehdiyevin sözlərinə görə, müraciət prosesi fevralın sonlarınadək olacaq. Artıq prosesin müraciət edən şəxslərlə söhbət bölümünə start verilib, onların məqsədləri, bu proqram vasitəsilə əldə etmək istədikləri hədəflər öyrənilir. Bu proseslərdən sonra isə təlimlər bölməsinə start veriləcək. Təlimlər həftədə iki dəfə – şənbə və bazar günü olmaqla həyata keçiriləcək.

Səbuhi Musayev