İlham Əliyev Macarıstana rəsmi səfərə gedəcək

18:27 08-07-2019 702

Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin sonunadək Macarıstana rəsmi səfəri gözlənilir.

Bunu HerGun.Az-a açıqlamasında Azərbaycanın Budapeştdəki səfiri Vilayət Quliyev deyib.

Onun sözlərinə görə, dövlət başçısının səfəri daha əvvəl 2018-ci il üçün planlaşdırılıbmış: 

“Lakin bir sıra səbəblərdən səfər təxirə salındı. Ümid edirəm ki, İlham Əliyevin Macarıstana rəsmi səfəri cari ilin sonuna qədər baş tutacaq”.

Diplomat bildirib ki, Azərbaycan Prezidentinin Budapeştə səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlıq haqqında 12 ikitərəfli sazişin imzalanması gözlənilir:

“Ölkələrimiz arasında müqavilə-hüquq bazasının əsas paketi artıq razılaşdırılıb. Buna baxmayaraq, biz müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq haqqında daha 12 müqavilənin imzalanması üçün hazırlıq görürük”.

V.Quliyev iki ölkənin siyasi sahədə mövcud münasibətlərini sabit və müsbət qiymətləndirib:

“Dövlət başçılarımızın qarşılıqlı səfərləri siyasi dialoqun yüksək səviyyəsindən xəbər verir. Lakin iqtisadi əməkdaşlıq haqqında bunu demək olmaz. Ticari-iqtisadi əlaqələrimiz artır, ancaq əfsus ki, bu, elə də böyük templə baş vermir”.

Səfirin sözlərinə görə, Macarıstanın Baş naziri bu ilin oktyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Sammitinin yubiley iclasında iştirak edəcək:

“Budapeşt Bakını beynəlxalq strukturlarda fəal dəstəkləyir. Macarıstan turistlərinin Azərbaycana marağı artır. Bakı və Budapeşt arasında birbaşa hava əlaqəsi buna yardım edir”.

O, təhsil sahəsində əməkdaşlığa toxunaraq diqqətə çatdırıb ki, 600-dən çox azərbaycanlı tələbə Macarıstanın ali məktəblərində təhsil alır:

“Cari il onların sayı daha 200 nəfər artacaq”.

 Rasim Babayev