Sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ edən şəxs saxlanılıb - VİDEO

07:40 01-02-2020 598

Daxili İşlər Nazirliyinin “İnstagram” sosial şəbəkəsindəki “polisazerbaycan” rəsmi səhifəsinə vətəndaşlardan biri müraciət edərək həmin sosial şəbəkədəki “tt.elcan_” adlı profildə narkotik vasitələrin qəbulunun təbliğ edildiyi barədə məlumat verib.

Oxu.az bildirir ki, məlumat aidiyyətı üzrə Baş Narkotiklərlə Mübarizə İdarəsinə göndərilib. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində adı çəkilən səhifənin Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan Elcan Şahverdiyevə məxsus olduğu məlum olub.

O, qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib. Şahverdiyev ifadəsində “İnstagram” sosial şəbəkəsində narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib.

Qeyd edək ki, E.Şahverdiyev artıq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məhkəmənin qərarı ilə 25 sutka müddətində inzibati qaydada  həbs edilib.

Faktla bağlı araşdırma aparılır.