Çimərliklərdə obyekt sahibləri 4 min manat cərimələndi

18:54 08-07-2019 590

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Xəzər dənizinin Bakı, Abşeron və şimal sahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində reydlər keçirib.

Nazirliyin mətbuat katibi İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib ki, Novxanı, Türkan və Hövsan çimərlikləri ərazisində keçirilən reydlər zamanı “Neptun”, “Balıqçı”, “Alma”, “Antalya”, “Mirvari”, “Qala”, “Riad Park” və “Caspian Beach” istirahət mərkəzlərində tullantı sularının təmizlənmədən dənizə axıdılması faktı aşkarlanıb.

Sözügedən obyektlərə cavabdeh şəxslər Rəhim Xəlilov, Pərvanə Eyyubova, Anar Quliyev, Fərhad Əsgərov, Azər Rzaquliyev, Şahin Babayev, Anar Allahyarov və İsmayıl Hüseynov barəsində akt, protokol tərtib olunub və hər biri vəzifəli şəxs qismində 4 min manat məbləğində cərimə edilib.

Həmçinin Xəzər dənizinin şimal sahil zolağında keçirilən reydlər zamanı isə “Elay”, “Malibu”, “Jalə”, “Yalama-Xəzər Tusit Bazası” və “Lokomotiv” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdılmasına görə akt və protokollar tərtib olunub.

Obyekt sahibləri Maya Vəliyeva, Rüfət Nəsizadə, Amil Məmmədov, Mahir Şirəliyev vəzifəli şəxs qismində 4 min manat məbləğində cərimə edilib, “Lokomotiv” istirahət mərkəzinin isə hüquqi şəxs qismində cərimə olunması üçün tərtib olunan sənədlər rayon məhkəməsinə göndərilib.

Obyekt sahiblərinə sutəmizləyici qurğuların quraşdırılması üçün icrası məcburi olan “məcburi göstəriş”lər verilib.