Rusiyalı milyarder özündən 24 yaş kiçik məşuqəsi ilə evləndi

23:45 08-07-2019 741

Rusiyalı milyarder İqor Kesayev evlənib.

“Super.ru” xəbər verir ki, 3,2 milyard dollar sərvəti ilə məşhur “Forbes” jurnalının “Rusiyanın ən zəngin insanları” siyahısında 35-ci yeri tutan 52 yaşlı iş adamı özündən 24 yaş kiçik məşuqəsi ilə ailə həyatı qurub.

İqorun xanımı “Miss Sarışın Ukrayna-2013” müsabiqəsinin qalibi Olqa Klimenkodur.

90-cı illərdə tütün məmulatları və alkoqol içkilərinin nümayəndəlikləri ilə məşğul olaraq varlanıb, biznes imperiyası quran İ.Kesayev “Diksi”, “Bristol”, “Viktoriya”, “Krasnoye&Beloye” supermarketlər şəbəkəsi, Rusiya ərazisində satılan bütün siqaretlərin 66%-ni əlində cəmləşdirən “Meqapolis” şirkəti, eləcə də Moskvanın mərkəzində ucaldılan 340 metrlik “Merkuriy-City-Tower” binasının sahibidir.

Bu, Kesayevin sayca ikinci evliliyidir. Onun birinci həyat yoldaşı Stella Kesayeva “Stella Art Foundation”ın sahibəsidir. Bu fond müasir sənətkarlığı özündə təcəssüm etdirir.

Milyarderin qızı İlona Kesayeva isə atasının sahib olduğu binada sənət əsərlərindən ibarət qalereya açmağa hazırlaşır.

Alkoqol maqnatının əsas gəlir yerlərindən biri olan “Merkuri”nin birinci mərtəbəsində onun ikinci həyat yoldaşı Olqanın şəxsi və dəbdəbəli restoranı fəaliyyət göstərir. Gözəllik kraliçası, Kesayevin soyadını daşıyaraq, ərinin sahibi olduğu “World Fashion” telekanalında kulinariya aparıcısı kimi karyerasını qurmaqdadır.

Livanda gözəllik müsabiqəsinin qalibi olan Klimenko Kiyevin Milli Aviasiya Universitetinin Sosiologiya fakültəsinin məzunudur.

2016-cı ildə hələ də Stella Kesayeva ilə evli olan milyarder müxtəlif tədbir və özəl gecələrə məşuqəsi ilə qatılır və bundan çəkinmirdi. 2017-ci ilin əvvəlində isə Kesayev birinci arvadı ilə ayrılır, lakin buna baxmayaraq Stella hələ də onu müsahibələrində əri kimi qələmə verir.

Rəşad Əliyev