Roza Zərgərli anons etdi: “Bülent Ersoy Bakıda konsert verəcək”

22:00 04-02-2020 495

Türkiyə estradasının divası Bülent Ersoy ilk dəfə Bakıda konsert proqramı ilə çıxış edəcək.

HerGun.Az xəbər verir ki, bu barədə müğənni Roza Zərgərli “Instagram” hesabında B.Ersoyun video müraciətini paylaşaraq, məlumat verib. Məlumatda bildirilib ki, Bülent Ersoy 100-cü möcüzəvi yubiley konserti ilə oktyabrın 24-də Bakıda canlı konsert proqramı ilə çıxış edəcək. B.Ersoy isə videomesajda Azərbaycandakı pərəştişkarlarına səslənib: 

“Oktyabrın 24-də Bakıda olacağam. Bu barədə sizi məlumatlandırmaq istədim. Sizə olan sevgimi və hörmətimi bu mesajla yollamaq istəyirəm. Öz vətənimə, qardaş vətənimə gələcəyəm. Hər şey çox gözəl olar. Mən sizi məcbur etmirəm, əgər ürəyiniz istəsə, konsertimə hər birinizi dəvət edirəm. Bərabər, qucaq-qucağa, könül-könülə ola bilmək diləyi ilə təşəkkürlərimi sizə göndərirəm. Sizləri sevgi ilə öpüb, bağrıma basıram”.

Qeyd edək ki, Türk səhnəsinin divası Bülent Ersoyu ilk dəfə Azərbaycana Xalq artisti Aygün Kazımova dəvət edib. Ersoy 2002-ci ildə Kazımova tərəfindən təşkil olunan “Best Model of Azerbaijan” beynəlxalq gözəllik və model yarışmasının münsifi olub.

Rəşad Əliyev