Xələf Xələfov Gürcüstanla sərhəddən danışdı: İclas keçiriləcək

12:00 09-07-2019 690

Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının növbəti iclası 2019-cu ilin avqust-sentyabr aylarında baş tutacaq.

Bunu HerGun.Az-a açıqlamasında Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, dövlət komissiyasının bu yaxınlarda Bakıda keçirilmiş iclasında materialların hazırlanması üçün tezliklə iki ölkə ekspertlərinin bilavasitə razılaşdırılmamış sahələrdə görüşməsi barədə qərar qəbul edilib:

“Həmin materiallar Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının növbəti iclasında müzakirəyə çıxarılacaq. Komissiyanın iclası bu ilin avqust-sentyabrına nəzərdə tutulub”.

Dövlət Komissiyasının əvvəlki iclası mayın 23-24-də Bakıda keçirilib.

Məlum olduğu kimi, Azərbaycan və Gürcüstan arasında sərhəd hələ SSRİ dövründə müəyyən olunub. Hər iki ölkə müstəqillik əldə etdikdən sonra Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası yaradılıb və indiyədək komissiyanın 11 iclası keçirilib.

Bu proses çərçivəsində 480 km-lik Azərbaycan-Gürcüstan dövlət sərhədinin əksər hissəsinin delimitasiyasına dair razılıq əldə edilib. Hazırda sərhədin 166 km-lik sahəsi üzrə ekspertlər səviyyəsində iş davam etdirilir.

Rasim Babayev