Azərbaycanlı aktyorun oyunu rus qızlarını heyran qoydu - VİDEO

11:20 08-02-2020 557

Rusiyanın Xalq artisti Valeriya Perfilova və Qazaxıstan müğənnisi Nazima Canibekovanın duet oxuduğu “Min hekayə” mahnısına çəkilən klip ətrafında ajiotaj yaşanıb.

HerGun.Az xəbər verir ki, ajiotaja və marağa səbəb klipdə azərbaycanlı aktyor Anar Xəlilovun iştirak etməsi olub. Rusiya telekanallarının ən reytinqli seriallarına çəkilən istedadlı və yaraşıqlı aktyor rus qızlarını klipdəki oyunu ilə heyran qoyub.

Valeriya və Nazimanın klipi sosial mediaya yayılar-yayılmaz, gənc qızlar aktyora sevgi dolu şərhlər yazıblar.

Bir neçə gün öncə yayıma çıxan klipi artıq iki milyondan çox insan izləyib. Xanımlar təkcə A.Xəlilovun görünüşünü deyil, həm də mükəmməl aktyorluq qabiliyyətindən valeh olduqlarını qeyd ediblər.

Ekran işinin süjet xəttində A.Xəlilov hər dəfə liftdə rastlaşdığı bir qıza aşiq olur. Cütlüyün sevgi hekayəsi isə toy ilə başa çatır.

Qeyd edək ki, A.Xəlilov “Şukin Teatr İnstitutu”nun məzunu, Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın tələbəsidir. Anar azərbaycanlı rejissor İlqar Safatın “İçəri şəhər” filmində rol alıb. O, aktyorluqdan başqa, model kimi də fəaliyyət göstərir.

Rəşad Əliyev