Tanınmış aparıcıya AzTV-də vəzifə verildi: Yeni verilişlər hazırlanır

17:09 09-07-2019 761

Tanınmış teleaparıcı Hüsniyyə Məhərrəmovaya AzTV telekanalında vəzifə verilib.

Telekanalda Beynəlxalq əlaqələr və protokol departamentinə rəhbər təyin olunan H.Məhərrəmova sevinc hisslərini HerGun.Az-la bölüşüb:

“Bir çox televiziyalarda aparıcı kimi fəaliyyət göstərmişəm. Bundan sonra isə öhdəmə daha məsuliyyətli bir vəzifə düşdü. Bilirsiniz ki, bir sıra beynəlxalq layihələrin icrasını həyata keçirmişəm. Bunu məhz AzTV rəhbərliyi nəzərə aldı və məni bu vəzifəyə layiq gördü. Çalışacağam ki, bu işimin də öhdəsindən layiqincə gəlim”.

O bildirib ki, AzTV durmadan yenilənir, inkişaf edir. Buraya gələn istedadlı və yaradıcı gənclər qısa zaman çərçivəsində böyük nailiyyətlərə imza atdılar:

“AzTV-nin efirində yer alan bir-birindən maraqlı, fərqli və əyləncəli verilişlər tamaşaçıların zövqünü oxşayır. Bundan sonra AzTV dünya şöhrətli layihələrin lisenziyasını alaraq, həmin verilişləri yüksək keyfiyyətdə hazırlayıb Azərbaycan tamaşaçısına təqdim edəcək. Hazırda bütün komanda ilə bərabər, yeni mövsüm üçün yeni layihələr üzərində hazırlıqlara start vermişik”.

Rəşad Əliyev