Qurban Qurbanov: Uduzsaq, faciə olmayacaq

21:27 09-07-2019 636

Bizi çətin oyun gözləyir. Ötən ildə Albaniyada oynamışıq, bilirik ki, azarkeşləri sona qədər komandalarını dəstəkləyir və futbolçuları çox xarakterlidir.

“Qarabağ”ın rəsmi saytı xəbər verir ki, bu sözləri komandanın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda səfərdə “Partizani” ilə qarşılaşacaq Ağdam təmsilçisinin çalışdırıcısı oyundan qabaq təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.

O, rəqibin yeni baş məşqçisinin bütün sürprizlərinə hazır olacaqlarını deyib: “Bilirik ki, rəqibin yeni baş məşqçi gəlib, yeni sistem var, bizə məlum olmayan sürprizlər gözləyirik və buna hazır olmalıyıq. Bu mərhələdə uduzmağımızı faciə saymaq düzgün deyil, dünya futbolunda hər şey ola bilər, önəmli olan səhvlərdən nəticə çıxarmağı bacarmaqdır. Nəticəyə gəlincə, biz burada qələbə qazanmaq istəyirik, amma hər zaman sərfəli nəticə qazanmaq daha vacibdir, bəzən qol buraxmamağı da uğurlu nəticə saymaq olar”. 

Q.Qurbanov hava şəraitinin oyuna təsir etməyəcəyini də vurğulayıb: “Sabah hava isti olacaq, biz bunu fikirləşməli deyilik, hər cür hava şəraitinə hazır olmalıyıq. Əsas işimiz oyuna tam konsantrasiya olmaq və oyun intizamını saxlamaq lazımdır”. 

Təcrübəli mütəxəssis yekunda “Qarabağ”ın keçmiş albaniyalı oyunçusu Ansi Aqolli haqqında fikirlərini də bölüşüb: “Ansi Aqolli bizim komandamızdan yox, ailəmizdən gedib. Bir baş məşqçi kimi arzulamışam ki, komandamda Ansi Aqolli kimi yaxşı insan və futbolçular çox olsun”.