Moskva aeroportunda baqajlar qarışdı: reyslər təxirə salındı

22:18 09-07-2019 612

Moskvanın “Şeremetyevo” hava limanında uçuşlarda problem yaranıb.

TASS xəbər verir ki, buna baqajların qarışması nəticəsində baş vermiş insident səbəb olub.

Bildirilib ki, müxtəlif aviaşirkətlərə aid təyyarələrin uçuşu ya başqa terminallara, ya da başqa vaxta keçirilib.

“Aeroflot”, “Ural Airlines”, “Severstal” və “Rossiya” şirkətlərinə məxsus 18 reysin uçuş zolağı D terminalından B və E terminalına dəyişdirilibsə, “İkar”a məxsus 6 reysin uçuşları, ümumiyyətlə, başqa vaxta təxirə salınıb.

Son vaxtlar “Şeremetyevo” hava limanında sərnişinlər tez-tez baqajlarının gecikməsindən şikayət edirlər. Bunu araşdırmaq istəyən yerli hüquq-mühafizə orqanları hələlik çarəni belə yerdəyişmələrdə görürlər.

Bununla da onlar gündə üç min sərnişin və iki min baqajın yerbəyer edilməsinə nail olmağı hədəfləyirlər. Əlavə olaraq prokurorluq orqanlarının təklifi ilə hava limanının 200, tərəfdaş şirkətlərin isə 300 işçisi bu prosesə qoşulacaq. Daha 500 nəfərin işə qəbul edilməsi nəzərdə tutulub.

“Şeremetyevo” hava limanının bir sıra rəhbər şəxsləri xidməti vəzifələrini yerinə yetirə bilmədikləri üçün işdən çıxarılıb.