Kişiləri alverçi və “manıs” olan ölkə yer üzündən necə silindi?

22:20 18-02-2020 429

 Aqşin Yenisey yazır... 

Cəmiyyətdən əvvəl sənətdə baş verir mənəvi aşınma, sonra koronavirus kimi digər sahələrə yayılır. Yəqin ki, ta ilk mağara rəsmlərindən bəri insanlar sənətə, sənətdə təklif olunan dünyaya baxıb özlərini şəkilləndiriblər. Estetika anlayışı öz mövcudluğuna görə günümüzdən otuz min il öncə mağara divarına çəkilən vəhşi bizon şəklinə borcludur. 

Bu gün də geridəqalmış dediyimiz xalqların, ölkələrin həyat tərzinə gözucu nəzər salsaq, onların geridəqalmışlığının kökündə estetik əksikliyin olduğunu görəcəyik. Repressiyalara da əvvəlcə sənət məruz qalır, sonra o birilər. Çünki insana ən yaxın olan azad mənəvi ərazi sənətdir. 

Səhv etmirəmsə, Əlisa Nicatın kitablarının birində  Əhəməni şahı Kir ilə Lidiya hökmdarı Krez arasında sənətin cəmiyyətə təsirinə aid belə bir əhvalatdan söz edilir. Deməli, Kir Lidiyaya hücum edib Krezə qalib gəlir və əsir aldığı Lidiya hökmdarına iki şərt irəli sürür: ya tonqalda yandırılacaq, ya da öz xalqına Əhəməni şahına itaət etməyi öyrədəcək. Krez ikincini seçir, ancaq azad bir xalqa yad bir hökmdara itaət etməyi necə öyrədəcəyinin yolunu bilmədiyini deyir. Kir Krezə itaətin yolunu göstərir: Get, öz xalqına əmr et ki, bundan sonra hamı xırda alverçiliklə məşğul olsun və bütün kişilər arfa çalmağı öyrənsin.

Taxtına geri qaytarılan Krez Kirin dediyi kimi edir. Gündüzlər xırda alverçiliklə məşğul olan lidiyalı kişilər, axşamlar evlərində oturub arfa dınqıldatmağa başlayırlar və həyatlarının hər anını işğal edən lirizm nəticəsində Lidiya dövləti yer üzündən silinir, Lidiya xalqı isə assimilyasiya olub, digər xalqların içində itkin düşür. 

Lidiya xırda biznesin və həzin arfanın qurbanı olur. Sənətin cəmiyyətə, tarixə, təsirinin, bir dövlətin, bir xalqın yox oluşunu təmin etməsinin ən qədim nümunəsidir bu əhvalat. Bizim bəh-bəhlə “şair xalq”, yəni lirik toplum durumuna müncər olunmağımız da bu əhvalatın davamıdır, deyə düşünürəm. 

Modernistlər deyirdilər ki, sənətin özünəməxsus təbiəti olduğu üçün o, özündən başqa heç bir həqiqətə xidmət etməməlidir. Marksistlər modernistlərin çəkildiyi bu “qalanı” topa tutdular ki, sənət adamı, gec-tez özünün yaratdığı məhsulu bazara çıxardığı üçün o, bir istehsalçıdır və bazar münasibətlərində iştirak etməlidir, həm də fəhlə sinfinin yanında yer alaraq. Stalinizm marksizmin bu iddiasını zorla həyata keçirdi. 

Hətta marksizmdən əvvəl də Jak-Lui David kimi sənət adamları partiya üzvü olmaqdan qürur duyurdular. Məşhur “Maratın ölümü” əsərinin müəllifi David hətta yakobinlərin Təhlükəsizlik Komitəsində təmsil olunub əksinqilabçıların mühakimə olunmasında iştirak edirdi. Yaxud öz  başımıza gələn “sovet ədəbiyyatı” hadisəsi yazıçı və şairləri bir-birilərini güdən və partiya mənafeyi üçün bir-birilərindən casusluq edən KQB agenti qılığına soxmuşdu. 

Sənətdə baş verən deqredasiyanın, aşınmanın cəmiyyətə təsirinə ən canlı nümunə günümüzün meyxana sənətinin və onun dinləyicilərinin problem kimi gördüyü mövzuları əks etdirən tablodur. 

Tarixi köklərinə baxsaq, meyxana sənəti təsəvvüfün bir qolu olub, ilkin dövrlərdə radikal mühafizəkarlıq siyasəti yeridən Abbasilərə qarşı dirənən ictimai-siyasi məzmunu ilə dövrünün ən intellektual zümrələrinə xitab edən islam anderqraund sənəti idi. İctimai, siyasi, hətta ruhani bir etirazı, qiyamı ifadə edirdi. İlk meyxanaçılar sübut olmasın deyə yazmırdılar, bədahətən deyirdilər. Təsadüfi deyil ki, meyxana sənəti bu gün islam təsəvvüfü dediyimiz sufi fəlsəfəsinin özü kimi islamın beşiyi olan Hicazda yaranmayıb, daha çox Misir, Suriya, İraq və İran kimi, çoxəsrlik qədim mistik dinlərin və mədəniyyətlərin izlərini hələ də canlı bir şəkildə qoruyan ölkələrdə ortaya çıxıb. Yəni sonradan islamlaşdırılmış xalqların yaradıcılığında. 

Amma sonradan siyasi, dini himayəni qəbul edən bu üsyankar sənət öz məzmununu itirdi, hətta öz-özünü inkar edərək siyasətin, dinin məddahına çevrildi. Axırı nə oldu? Axırı o oldu ki, meyxana aşındıqca öz dinləyicilərinin mənəvi sütunlarını da aşındırdı və vaxtilə zəmanəsinin ən intellektual təbəqələrinə xitab edib onların ictimai şüurunu oyaq saxlayan bir sənət bu gün, sadəcə, cəmiyyətin intellektdən və ictimai şüurdan məhrum kütlələrini əyləndirən potu-potu deyişmə sənətinə çevrildi. 

Kobzarlar haqqında oxuyanda da ağlımdan bu sual keçmişdi. O üsyankar kobzarların axırı necə oldu?  Kobzarlara keçməzdən əvvəl Ukrayna tarixinə azacıq göz atmaq lazımdır. Rusların aşağılamaq mənasında “xaxol” dediyi ukraynalılar 5-ci əsrdə bu torpaqlara yerləşmiş slavyan xalqıdır. Ukraynanı 7-ci əsrdə türk mənşəli Bolqarlar, eyni əsrin sonunda Xəzərilər, 13-cü əsrdə Monqol-tatarlar, 14-cü əsrdə polyaklar, 16-cı əsrdə isə Kazaklar işğal və talan edib. Daha sonra isə bildiyiniz kimi Ukrayna Osmanlı və Çar Rusiyasının “münaqişə bölgəsi” olub. “Kazak” sözü də türkcədən keçmədir, mənası “dağda yaşayan adam” deməkdir ki, bu da etnik dağlılara verilən addır.

Ukraynanın xalq ozanları, yəni “haqq aşiqləri” kobzarlar da türk-monqol işğalları zamanı Mərkəzi və Orta Asiyanın sufi-dərviş ruhunu mənimsəmiş üsyankar xristian aşıqlarıdır. Türk ozan-dərvişlərinin sazını, fars sufilərinin udunu, kobzarlarda “qobza, kobza” deyilən musiqi aləti təmsil edir ki, o da adını türkcədə olan xəzərilərin “qopuz”undan alır. (Rusların balalaykası da xəzərilərin qopuzunun “başqa arvaddan olan” övladıdır.)

Amma kobzarlar kobzanı türklər kimi sinələrində üfüqi deyil, dizləri üstündə şaquli tuturlar. Ukraynanın böyük şairi Taras Şevçenkonun ilk şeirlər kitabının adı da “Kobzar”dır. Bu kitaba görə ruslar asi, kobzar ruhlu şairi “kəndli dilində yazan şair” deyib aşağılayaraq I Nikolayın əmri ilə sürgün etmişdilər.

İlk kobzarlar öz nəğmələrində azad Ukraynanı tərənnüm edirdilər, Çarın və Stalinin “xaxolları” ruslaşdırma siyasətinin ən qatı düşmənləri kobzarlar idi. Ruslar bu xristian dərvişlərini ukraynalıların milli kimliyi kimi gördüklərindən həmişə təqib edir, öldürürdülər. Yekaterina bütün kobzarların gözlərinin çıxarılmasını əmr etmişdi. Kobzarlar da ərəblərin ucdantutma kor etdiyi Şərq sufi-dərvişləri kimi kor halda mahal-mahal, bazar-bazar gəzir və sədəqə ilə yaşayırdılar. Sənətlərini ötürmək və kor olduqları üçün əlindən tutub yerimələrinə kömək etmək üçün həmişə yanlarında şagirdləri olan bir uşaq da saxlayardılar. Bu adət Şərq ozanlarında da vardı.

Kobzarlar, bir növ, “xaxolların” milli gəzərgi masonları idilər. 1930-cu ildə Stalinin əmri ilə bütün kobzarları vaqonlara dolduraraq aparıb gizli şəkildə güllələyiblər. Həmin dövrdə Stalin bizim aşıqlara “soldat” paltarı geyindirdi.

Nəticə: kobzarların kütləvi şəkildə məhvi Ukrayna xalqının azadlıq ruhunu zəiflətdi və onlar uzun müddət “sovet xalqı” olduğuna inandılar. Eyni məhvetmə siyasəti bizim üsyankar sufi fəlsəfəsinin də başına gəldi. İstər ərəblər, istər ruslar bizdə ancaq sufi asiliyini yox etməyə çalışıblar, aclıqdan güc alan bir mənəviyyatı! Ona görə də gözümüzü ac saxlayıb qarnımızı doyurublar! Və nəticə: biz bu gün sufizm ruhunun davamçısı olan aşıq dedikdə kafedə beş manata “Yanıq Kərəm” çalan müti ruhlu bir insan obrazı təsəvvür edirik. Halbuki kobzarların da timsalında gördük ki, onlar tarixin bütün dövrlərində insan, vətən azadlığının carçısı olublar.

Sənətin ruhu onun məqsədidir, məqsədindən uzaqlaşdıqca sənət mənasını itirir. Məsələn, günümüzün meyxanası kimi bir şey olur; hədəfi islam xəlifəsi yox, kiminsə nənəsi olan bir çırtmaçaldı oyunu.

Sonda yekun fikrimi bölüşüm. Tarixi düşmənlərimizin davranışlarını müşahidə edəndə görürük ki, onlar özlərini, ilk növbədə, bizim ədəbiyyatın hədəfi olmaqdan yayındırıblar. İstəməyiblər ki, Azərbaycan ədəbiyyatı onları düşmən obrazında təsvir etsin. Bu cür tarixi düşmən mövqelər ədəbiyyatımızın hədəfinə gətirilməyincə, başımıza oyun açmaqda davam edəcəklər...