Komitə sədri: Harada din sözü varsa, bizə müraciət edirlər

12:09 10-07-2019 718

Məzar yerlərinin ayrılması və digər məsələlər bizim komitənin səlahiyyətinə aid deyil.

HerGun.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, bu məsələ ilə bağlı Nazirlər Kabinetinin rəsmi qərarı var:

“Nazirlər Kabinetinin təsdiq etdiyi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyəti həmin məzarlıqların reyestrini aparmaqdan ibarətdir. Digər bütün səlahiyyətlər yerli bələdiyyələrin tabeliyinə verilib.

Yerli bələdiyyələr həmin məzarlıqlara həm cavabdehdir, həm də onları idarə edirlər. O cümlədən, vəfat etmiş insanlar üçün məzar yerlərinin ayrılması və digər məsələlər sırf bələdiyyələrin səlahiyyətindədir”.

M.Qurbanlı əlavə edib ki, bəzən mətbuat nümayəndələri bu kimi məsələlərə görə komitəyə suallar ünvanlayır:

“Məsələyə aydınlıq gətirmək üçün deyim ki, Nazirlər Kabinetinin rəsmi sənədi əsasında bu səlahiyyətlər komitəyə aid deyil. Ümumiyyətlə, harada din sözü varsa, bizim komitəyə müraciət edirlər. Bu, doğru deyil. Məzarlıqlar yerli bələdiyyələrin nəzarətindədir və vahid bir mərkəzdən yox, yerlərdə idarə olunmalıdır. Düşünürəm ki, bu, çox doğru, məntiqli addımdır.

Biz isə üzərimizə düşən reyestr xidmətini həyata keçiririk. Lakin vətəndaşların bəzi müraciətlərini nəzərə alaraq, müvafiq ərazinin bələdiyyələrinə və aidiyyəti qurumlara həmin müraciətləri çatdıra bilirik”.

Könül Cəfərli