Nigar Arpadarai jurnalistlərə səsləndi: “Vaxtı uzatdıq”

12:20 25-02-2020 440

“Hər il olduğu kimi, bu il də yerli jurnalistlər arasında “Formula-1” yarışlarının işıqlandırılmasına maraq olduqca böyükdür”.

HerGun.Az xəbər verir ki, bunu Bakı Şəhər Halqasının Əməliyyat Şirkətinin Kommunikasiya və Marketinq Departamentinin rəhbəri və yarışın milli mətbuat katibi Nigar Arpadarai deyib.

5-7 iyun tarixlərində Bakıda sayca beşinci dəfə keçiriləcək “Formula-1” Azərbaycan Qran-Prisinə yerli media nümayəndələrinin akkreditasiyası ilə bağlı sənəd qəbulu sona yaxınlaşır.

N.Arpadarai jurnalistləri tezliklə qeydiyatdan keçməyə dəvət edib: 

“Biz həmişə çalışırıq ki, Azərbaycan Qran-Prisində yaxından iştirak etmək istəyən media nümayəndələri təklif olunan bütün imkanlardan vaxtında tam yararlana bilsinlər. Artan rəğbəti və edilən müraciətlərin çoxluğunu nəzərə alaraq vaxtı bir qədər uzatdıq ki, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) tələblərinə tam cavab verən hər bir yerli jurnalist paytaxtımızın beşinci dəfə ev sahibliyi edəcəyi möhtəşəm yarışdan kənarda qalmasın. Müvafiq kriteriyaları ödəyən bütün media nümayəndələrini tezliklə qeydiyyatdan keçməyə dəvət edirəm”.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi də daxil olmaqla, bütövlükdə “Formula-1” dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası FIA və Formula One Management şirkəti tərəfindən kurasiya olunur. Yerli media nümayəndələrinin yarışa qeydiyyatı əməliyyat şirkətinin vasitəçiliyi ilə həyata keçirilir və bu proses 5 mart tarixində saat 17:00-də başa çatacaq.

Səbuhi Musayev