Əlimizə bir balaca “imkan” düşən kimi dönürük şirə-aslana

14:36 10-07-2019 850

Kubra Məhərrəmova yazır...

Dünənə kimi pişik kimi asta yeriyən, rəisin qarşısında iki qatlanan, bu gün balaca bir “şöbəciyin” müdiri olan kimi dönüb olur aslan. Qədd-qaməti düzəlir, dəhlizin o başından ayaqlarını yerə elə vurur ki, bu başında oturanlar bilsin ki, Aslan müəllim işə gəlib. Aslan müəllimin ayaq səsini eşidən bugünkü pişik də qaçır qabağına ki, “bəs Aslan müəllim, zəng edərdiniz, düşərdim aşağı, sizi qarşılayardım”. 

Aslan müəllim də minnətli səslə “eybi yoxdur, bala, sabah zəng edərəm, düşərsən” deyir. Şöbə müdiri (şərtidir) olandan sonra qohumlar bir-bir zəng edir, hal-əhval soruşur, qonaq çağırır. Toyda-vayda yuxarı başda oturdulur. Aslan məllim gəlməmiş heç kim əlini çörəyə uzatmır, molla “Fatihə” vermir. Aslan müəllim də düşünür ki, elə buraların padşahıdır, vəssalam. 

Özündən razılıq çoxalır, çoxalır. Zənglərə daha az cavab verir, kasıb qohum-əqrəbanın nömrəsini “qara siyahıya” atır. Daha “KAMAZ nömrəsi” deyil, “bahalı” nömrə işlədir. Yayda Antalyaya, qışda Yesentukiyə gedir. Rəis adamdır, yorulur da, istirahət lazımdır. Aslan müəllimin həyat yoldaşı dünənə kimi toyda-yasda boynubükük, aşağı tərəfdə oturardısa, indi mollanın yanında fəxri qonaqlar sırasında oturdulur.

Qoy hamı görsün ki, məclisimizə Aslan müəllimin arvadı gəlib. Beləliklə, məclis də olur samballı. Qohum-əqraba bir iş görəndə birinci Aslan müəllimin yoldaşına zəng edir, xeyir-dua alır. Elçi gedəndə onu aparır. Hörmətli adamdır, qız evi görsün ki, necə qohumlarımız var.  

Bir balaca imkan düzələn kimi Aslan müəllim təzə avtomobil alır. Dünənə kimi ictimai nəqliyyatda gedən Aslan müəllimin indi sürücüsü var. Sürücüyə də bərk-bərk tapşırıb ki, bu gədə-güdələrə yol vermə, avtobusdur, gözləsin, yol mənimdir. Sürücü də rəis deyəni artıqlaması ilə edir. “Yol nədir, bütün Bakı sizindir, rəis, baş üstə”.  

Aslan müəllim daha qonşulara da salam vermir. Rəis adamdı. Qonşular özü onun pişvazına çıxır, ikiəlli görüşüb əhval tuturlar. Aslan müəllim də bəzən gülərüzlə, bəzən isə qanıqara salam verib keçir. Rəis adamdı da, qayğısı çoxdur. İşiniz yoxdur. 

Aslan müəllim nahar fasiləsinə indi ancaq “rəislərlə” gedir, dünənki iş yoldaşlarının yanında oturmağı özünə sığışdırmır. Dünənə kimi borc aldığı yoldaşlar indi onun üçün səviyyəsiz görünür. Kimdir axı bunlar? “Rəis məclisi” bir başqadır. Qısası, Aslan müəllim yavaş-yavaş “rəis məclisinin” sevimlisinə çevrilir.

Kimisi hədiyyə göndərir, kimisi bağa qonaq çağırır, kimisi oğlunun toyuna müğənni dəvət edir. Necə deyərlər, yer-yataq bilən. Xətir-hörmət saxlayan. Lakin bir məsələ var ki, bu xoş münasibətə ancaq və ancaq “rəislər” görürdü. Artıq evdəkilər də Aslan müəllimin üzünü az-az görürdülər. Baxma da, “çörək qazanır” kişi. Evə gəlməsə də olar. Uşaqlar tox, ev-eşik təmirli, soyuducu dolu, arvadın üstü qır-qızıllı, ev xalı-xalçalı. 

Hər şey daha yaxşı ola bilərdi, lakin bir əmma çıxdı. “Rəis məclislərinin” birində Aslan müəllim böyük, lap böyük “rəisə” qarşı zarafat elədi. Yerini şirin eləmək istəyirdi ki, oxu yan dəydi, ya da topu ştanqaya. Lap böyük rəis də buna hamının yanında yerini göstərdi ki, “a uşaq, həddini bil”. Və bu zarafatdan sonra Aslan müəllimin qara günləri başladı. İşində elə səhvlər tapıldı, hər gün qan-qaraçılıq. Günlərin bir günü də “yoxlama” gəldi müəllimin kitab-dəftərinə baxmağa. Məlum oldu ki, kitab və dəftər bir-birinə uyğun gəlmir və Aslan müəllim “rəislikdən” qovuldu. 

Bu xəbərdən sonra qohum-əqrəbanın “WhatsApp” statuslarından Aslan müəllimin fotoları silindi, hər gün “Allah səni bizə çox görməsin, qadası” mesajları kəsildi. Daha toya-vaya xüsusi dəvətlər gəlmədi. Çünki qohum-əqrəba, dost-tanış üçün yeni “Rəis” peyda olmuşdu. Departament müdiri idi kişi.

Baxma da, şöbəcik hara, departament hara. Di mübarək olsun!