AMB-dən saxta yüz manatlıqlar barədə - AÇIQLAMA + VİDEO

15:45 10-07-2019 67

Sosial şəbəkələrdə saxta 100 manatlıq əsginaslarla bağlı videogörüntülər yayılıb. Həmin görüntülərdə qeyd olunur ki, bu saxta pulları orijinal əsginaslardan ayırmaq çətindir.

Adıçəkilən video cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Bəs insanlar saxta əsginaslarla qarşılaşdıqda aldanmamaq üçün nələrə diqqət etməlidir?

Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankı (AMB) HerGun.Az-ın müvafiq sorğusunu cavablandırıb.

Qeyd olunub ki, AMB Daxili İşlər Nazirliyi ilə birlikdə müvafiq araşdırmalara başlayıb:

“Mərkəzi Bank pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı hüquq-mühafizə orqanları ilə ciddi koordinasiya işləri aparır. AMB tərəfindən aşkar edilmiş bütün saxta pul nişanları dərhal hüquq-mühafizə orqanlarına təqdim edilir və birgə araşdırmalar aparılır.

Sosial şəbəkələrdə saxta 100 manatlıq pul nişanına dair yayılmış videogörüntü ilə bağlı araşdırmalar gedir. Mərkəzi Bank Daxili İşlər Nazirliyi ilə birlikdə müvafiq istiqamətdə araşdırmalar aparır”.

Bildirilib ki, həyata keçirilmiş birgə tədbirlər, eləcə də, pul nişanlarımızın yüksək mühafizə sistemlərinə malik olması nəticəsində onların saxtalaşdırılması səviyyəsi beynəlxalq təcrübə ilə müqayisədə aşağıdır və tədavüldə olan hər 196 min ədəd pul nişanına bir ədəd saxta pul nişanı düşür:

“Müqayisə üçün, avro üzrə dövriyyədə olan hər 30 min ədəd pul nişanına bir ədəd saxta, ABŞ dolları üzrə dövriyyədə olan hər beş min ədədə bir ədəd saxta, Rusiya rublu üzrə isə dövriyyədə olan hər 132 minə bir ədəd saxta pul nişanı düşür”.

Sorğuya cavabda deyilir ki, Azərbaycan Mərkəzi Bankı qanunvericiliyə uyğun olaraq davamlı tədbirlər həyata keçirir. Dövriyyəyə buraxılmasından 13 il müddət keçməsinə baxmayaraq, milli pul nişanlarımız müasirliyinə, eləcə də mühafizə sisteminə görə öz aktuallığını qoruyub-saxlayır:

“Bununla belə, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da pul nişanlarının saxtalaşdırılması cəhdləri olur. Milli pul nişanlarımızın təhlükəsizlik elementləri yüksək səviyyədədir və avro pul nişanlarına uyğun dörd pilləli “mühafizə fəlsəfəsi” əsasında hazırlanıb.

Belə mühafizə sistemi pul nişanlarının mühafizə elementlərinin həqiqiliyinin tədavülün bütün mərhələlərdə (əhali, ticarət müəssələri, kredit təşkilatları və Mərkəzi Bank) müəyyən etməyə imkan verir”.

Könül Cəfərli