Onlar üzr istəməsələr, Azərbaycana buraxılmayacaqlar

15:20 27-02-2020 524

İşğal altındakı ərazilərə qanunsuz səfərlərlə bağlı Azərbaycanın arzuolunmaz şəxslər siyahısına 900-dan çox adamın adı salınıb.

HerGun.Az-ın məlumatına görə, hazırda 936 şəxsin adı rəsmi Bakının “qara siyahı”sındadır.

Onların içərisində deputatlar, siyasətçilər, musiqiçilər, jurnalistlər və başqaları var. 

Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) “qara siyahı”sına düşən şəxslərin adlarını həmin sənəddən çıxarmaq ənənəsi də var.

Amma bunun üçün şərt mövcuddur. Belə ki, işğal altındakı Qarabağa qanunsuz səfər edənlər Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də, ölkəmizin qanunlarına hörmətini bəyan etməlidir.

Həmçinin, işğal edilmiş ərazilərə sözügedən səfərləri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadıqlarını bildirməlidirlər.

Ardınca isə adlarının arzuolunmaz şəxslər siyahısından çıxarılması barədə müraciət ünvanlamalıdırlar.

Bundan sonra XİN müvafiq qərar qəbul edir.

Rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərinə edilən səfərlər cinayət sayılır. 

Həmin şəxslərə Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) cinayət işi açılır. 

Aqşin Kərimov