Səmayə Məmmədova: “Bədən Tərbiyəsi və İdman Günü bu il Naxçıvanda təntənəli şəkildə keçiriləcək”

17:40 28-02-2020 425

5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Azərbaycanda bir sıra tədbirlər keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın HerGun.Az-a verdiyi məlumata görə, artıq tədbirlər silsiləsinə martın 4-dən start veriləcək.

Belə ki, ilk öncə saat 10:00-da Fəxri Xiyaban ziyarət olunacaq. Saat 12:00-da isə Bədən Tərbiyəsi və İdman Akademiyasında bu günlə bağlı tədbir keçiriləcək:

“Martın 5-də 120-yə yaxın nümayəndə heyəti Bakıdan Naxçıvana yola düşəcək. Bu heyətdə nazirlik və Milli Olimpiya Komitəsinin rəsmiləri, bir sıra idman federasiyalarının nümayəndələri, o cümlədən Zemfira Meftəhəddinova, Namiq Abdullayev, İradə Aşumova və Lyudmila Şubina kimi veteran idmançılar yer alacaq.

Həmin gün öncə Naxçıvanda ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunacaq, onun qarşısında gül qoyulacaq. Təntənəli tədbir isə Naxçıvanın Saat Meydanında keçiriləcək. Təxminən iki saat davam edəcək tədbirdə muxtar respublikanın idmançıları müxtəlif performanslar nümayiş etdirəcək.

Orada veteran idmançılarla görüş olacaq və onlara müxtəlif hədiyyələr təqdim olunacaq. Yerli federasiyalar Bakıdan gələn qonaqlara öz təmsil etdikləri qurumlar haqda məlumat verəcək, gördükləri işdən və qazandıqları uğurdan bəhs edəcəklər”.

Qeyd edək ki, ötən il Bədən Tərbiyəsi və İdman Günü Azərbaycanın ikinci şəhəri olan Gəncədə təntənəli şəkildə qeyd olunmuşdu.

Səbuhi Musayev