“Maps.me” Azərbaycan xəritəsini təhrif edib - XİN işə qarışdı

18:00 10-07-2019 663

“Maps.me” mobil cihazlar üçün elektron xəritəçilik xidməti Azərbaycanın Qarabağ bölgəsini “Dağlıq Qarabağ respublikası” kimi təqdim edilb.

Məsələ ilə bağlı HerGun.Az-ın sorğusunu cavablandıran Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, Azərbaycan səfirliyi Rusiyanın müvafiq qurumları qarşısında məsələni qaldırıb.

O qeyd edib ki, “Maps.me” mobil cihazlar üçün elektron xəritəçilik xidməti Rusiyada fəaliyyət göstərən “Mail.ru” şirkəti tərəfindən 2014-cü ildə alınıb:

“Maps.me” tərəfindən ölkəmizin işğal olunmuş ərazilərindəki coğrafi obyektlərin təhrif olunmuş şəkildə göstərilməsi məsələsi Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən bu ölkənin müvafiq qurumları qarşısında qaldırılıb, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məktubları qarşı tərəfin diqqətinə çatdırılıb.

Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar naziri Konstantin Noskovun bu xüsusda cavab məktubunda “Mail.ru” şirkətinin “Maps.me” xidmətinin təmin etdiyi xəritələrin Böyük Britaniyada qeydiyyata alınmış “The Open Street Foundation” şirkətindən hazır məhsul şəklində alındığı və xəritələrin məzmununun dəyişdirilməsi üzrə texniki imkanlara malik olmadıqları bildirilib.

Hazırda yol verilmiş təhriflərin aradan qaldırılması istiqamətində tərəfimizdən “Maps.me”nin məzmununa cavabdeh olan sözügedən Britaniya şirkəti ilə işin aparılması istiqamətində müvafiq addımlar atılır”.

İlhamə Əbülfət